Qılıncoynadanlarımız dünya kuboku yarışlarında iştirak ediblər

Gənc şpaqaçılarımız Ruslan Həsənov, Xalid Əliyev və Fərrux Səfərov Yunanıstanın İraklion şəhərində keçirilən gənclər arasında qılıncoynatma üzrə dünya kuboku yarışlarında iştirak ediblər. SİA-nın məlumatına görə, təmsilçilərimizdən Ruslan Həsənov gənc şpaqaçıların şəxsi yarışında qrup mərhələsində keçirdiyi 6 görüşdən 4-də qələbə qazanıb. R.Həsənov 1/64 finalda avstriyalı Yan Şuhman üzərində 15:6 hesablı qələbə qazanıb. İdmançımız növbəti mərhələdə rusiyalı Dmitri Şvelidzeyə 8:15 hesabı ilə uduzub.

Qrupda keçirdiyi 6 görüşdən 4-nü qalib başa vuran X.Əliyev də turnirin 1/64 finalına vəsiqə qazanmağı bacarıb. Şpaqaçımız bu mərhələdə fransalı Rafael Dominiçiyə 12:15 hesabı ilə məğlub olub.

Qrupda keçirdiyi 6 görüşdən 3-nü qalibiyyətlə başa vuran F.Səfərov isə 1/64 finalda Çex Respublikası təmsilçisi Adam Osiçkaya 7:15 hesabı ilə uduzub.

Şpaqaçılarımız yarışın sonuncu günündə komanda yarışında qüvvələrini sınayıblar. R.Həsənov, F.Səfərov və X.Əliyevdən ibarət komandamız 1/16 finalda braziliyalı həmkarlarına 21:45 hesabı ilə uduzub.

Bütün xəbərlər Facebook səhifəmizdə