Həndbol üzrə Azərbaycan Kuboku başlayıb

"ABU Arena”da həndbol üzrə Azərbaycan Kuboku yarışları başlayıb. Azərbaycan Həndbol Federasiyasından SİA-ya verilən məlumata görə, yarışda 5 qadın, 4 kişi komandası qələbə uğrunda mübarizə aparır.

Qadın həndbolçuların yarışının açılış matçında “Qarabağ” və “İdman Akademiyası” kollektivləri üz-üzə gəliblər. İmkanları daha yüksək qiymətləndirilən “Qarabağ” gözlənildiyi kimi görüşü qələbə ilə başa vurub - 37:25.

Kişi həndbolçuların yarışında isə ilk oyun günü iki qarşılaşma olub. U-16 - “Məhsul” görüşündə nominal meydan sahiblərinin uduzacağı şübhə doğurmurdu. Daha təcrübəli rəqibin həmlələrinə tab gətirə bilməyən yeniyetmə həndbolçular böyük hesablı məğlubiyyətlə barışıblar - 21:41.

Yarışın digər favoriti - “Bakı” da turnirə qələbə ilə başlayıb. Paytaxtın eyni adlı komandasının “Təhsil” kollektivi ilə görüşü gərgin idman mübarizəsi ilə yadda qalıb. İmkanlardan daha səmərəli faydalanan “Bakı” 40:30 hesabı ilə qalib gəlib.

Azərbaycan kubokunun yarımfinal və final görüşləri gələn ilin martında təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə