Karateçilərimiz İtaliyadan yüksək nəticələrlə qayıdırlar - FOTOLAR

Karate üzrə yeniyetmə və gənclərdən ibarət milli komandamız İtaliyanın Venesiya şəhərində mövsümün son Liqa turnirindən 3 medalla qayıdır. Azərbaycan Milli Karate Federasiyasından SİA-ya bildiriblər ki, 14-15 yaşlı yeniyetmələr arasında Hüseyn Məmmədli (-57 kq, şəxsi məşqçisi Əbülfət Qarayev), və Tale Yaqubov (-63 kq, şəxsi məşqçisi Cahangir Babayev) qızıl medala, 16-17 yaşlı gənclərdə isə Əminağa Quliyev (-61 kq, şəxsi məşqçisi Elnur Həsənov) gümüş mükafata sahib olub.

16-17 yaşlı gənclər komandasının liderlərindən olan Polina Qurenko (-53 kq) yarışqabağı məşqlərdə zədə aldığından döyüşlərə qatıla bilməyib. Dünya Karate Federasiyasının (WKF) bu ildən təşkil etdiyi Gənclər liqası turnirinin yekun yarışında 67 ölkədən 2652 karateçi mübarizə aparıb.

Baş məşqçi Anar Allahverdiyevin rəhbərlik etdiyi yeniyetmə və gənclər seçmə komandası üçün bu yarış həm də fevralda Danimarkada Avropa çempionatına hazırlıq xüsusiyyəti daşıyıb. WKF-in Gənclər Liqası 2018-ci ildə Azərbaycan karateçilərinin iştirak etdiyi son rəsmi beynəlxalq turnir olub.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə