Ayxan Abbasov: “Neftçi”nin gücü bəllidir

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Qol.az saytına müsahibə verib. 37 yaşlı çalışdırıcı “Neftçi” ilə kubok oyunundan, komandanın qış planından və transfer siyasətindən danışıb.

- Azərbaycan kubokunun 1/4 finalında “Neftçi” ilə qarşılaşacaqsınız. Bu oyuna hazırlıq necə gedir? “Sumqayıt” matça nə dərəcədə hazırdır?

- Qeyd elədiyiniz kimi, ilin sonuna yaxın “Neftçi” ilə iki kubok oyunumuz olacaq. Belə deyək, oyunlara bacardığımız qədər hazır olmaq istəyirik. Futbolçularımı da başa düşürəm. Son matçda da çox güc sərf elədik. Bəzi itkilərimiz də var. Amma buna baxmayaraq, hazır olmağa çalışırıq. Əlbəttə, “Neftçi”nin gücü bəllidir – hazırda çempionatın lideridir. Yenə də özümüzə uyğun əzmkarlığımızı göstərmək istəyirik və sona qədər vuruşacağıq.

- Son turda “Neftçi”yə qarşı 5 müdafiəçi ilə oynadınız. Matçın sonlarına doğru meydana daha iki müdafiəçi buraxdınız. Bilmək istəyirəm ki, kubok oyununda yenə eyni taktika ilə meydana çıxacaqsınız, yoxsa?

- Onu deyim ki, burada başqa-başqa sistemlərlə oynayırıq. Bu da rəqibə görə dəyişir. Bəlkə də, sistem fərqli ola bilər, amma sistem daxilində tələblərimiz eynidir. “Neftçi” ilə oyunda sonrada 2 müdafiəçini meydana buraxmağım gəldikdə isə, Arif Daşdəmirov müdafiəçi kimi girmədi oyuna. Arifdən Əfran İsmayılovun gördüyü işi istəyirdik. Çünki Əfranın həm zədəsi vardı, həm də yorulmuşdu. Atilla da yorulmuşdu. Belə deyim, Əfranı bir az hücumun sivri ucuna, Arifi isə sağ cinah yarımmüdafiəçisi mövqeyinə çəkdim. Son 4-5 dəqiqədə Raili oyuna buraxmağımızın səbəbi o idi ki, rəqib hava ötürmələrinə, asmalara üstünlük verirdi. Bunun qarşısını almaq üçün Railin boyundan istifadə eləmək istədik. Sona yaxın Rail yüz faizlik qol epizodundan komandanmızı xilas etdi. Yəni, məsələ bu idi. Hansı sistemdə oynayacağımız barədə rəqibi yenə də analiz edirik.

- Ümumiyyətlə, oyunla bağlı nə düşünürsünüz?

- “Neftçi”nin gücü bəllidir. Yaxşı komandadır, yaxşı da futbolçuları var. Amma bu, bizi qorxutmur. “Sumqayıt”a gəldiyim andan futbolçulara bildirmişik ki, hər matç bizim üçün çətin olacaq. Bu dəqiqə hansısa bir oyuna çıxıb, asan qalib gələcəyik söhbəti yoxdur. Bu gün bütün rəqiblər güclüdür. Ona görə mübarizə aparmaq lazımdır.

- “Sumqayıt”ın kubokda qarşıya qoyduğu əsas hədəf nədir?

- Kubokda yarımfinala qədər irəliləyə bilsək, bizim üçün böyük uğur olar. Həm ilin sonudur, həm futbolçularımızın fiziki durumu istədiyimiz kimi deyil. Ard-arda məğlubiyyətlərdən sonra komandada psixoloji durum yaxşı deyildi. Buna baxmayaraq, sevindirici haldır ki, son oyunlar məğlub olmuruq. Evdə “Səbail”ə qalib gəldik, “Neftçi” ilə heç-heçə etdik. Futbolçularımıza özünəinam gəlib. Qış fasiləsindən sonra daha da çətin olacaq. Amma yenə deyirəm, bu gün kubokda “Neftçi”ni keçə bilsək, bu, bizim üçün böyük uğur olacaq.

- Artıq Çempionatda qış fasiləsidir. Heyətdə yəqin ki, dəyişikliklər olacaq. İndidən müəyyənləşdirmisiniz ki, komandadan kimlər gedəcək və yaxud heyətə kimlər qoşulacaq?

- Komandada hansısa oyunçunu görmək istəyərdim. Amma bu dəqiqə qış fasiləsidi deyə, bir çox futbolçuların müqaviləsi davam edir. İstədiyimiz futbolçuları da gətirə bilmərik. Heyətimiz də çox geniş deyil ki, kimisə komandadan kənarlaşdıraq. Hər şey ola bilər. Amma gələndən o qədər işin içindəyik ki, hələ bu barədə rəhbərliklə danışmamışıq. “Neftçi” ilə oyunlardan sonra yəqin ki, ümumi müzakirəmiz olacaq. Çalışdığım qədər bütün futbolçulara şans vermək, onları iş başında görmək istədim. “Qaradağ Lökbatan”la kubok matçında demək olar ki, bütün futbolçulara şans vermişəm. Əgər kimsə bizi qane edərsə, istədyimiz mövqeyə futbolçu tapsaq, transfer etmək istəyərdik. Olmasa da, bu futbolçulara inanıram.

- “Sumqayıt” adətən yerli futbolçulara üstünlük verən komandadır. Son vaxtlar heyətdə əcnəbi futbolçular görmürük. Sizin gəlişinizdən sonra legioner futbolçu görə biləcəyik, yoxsa ənənəyə sadiq qalacaqsınız?

- Hələ bu dəqiqə klubla söhbətimiz olmayıb. Bu il yəqin ki, yerli futbolçularla oynayacağıq.

- Hazırda hücumçu probleminiz var. Son nöqtəni qoyacaq futbolçu yoxdur. Hücumçu mövqeyində Atilla Yıldırım var, o da ya özünü göstərə bilmir, ya da ustalıq səviyyəsi aşağıdır. Bu problemi həll etmək üçün yəqin ki, qışda addım atacaqsınız.

- Komanda az qol vurması təkcə hücumçulara görə deyil. Hücumda zəiflik edirik, hücuma çıxarkən çoxala bilmirik. Və əlbəttə, hücumçu qol imkanlarından istifadə etməlidir. Ümumi olaraq, ilk gündən komandanın müdafiə xəttində problemlər vardı. “Keşlə”dən 4 qol, “Qəbələ”dən 2 top buraxmışdıq. Baxırsan ki, səhvlər var idi. Amma son oyunlar bu səhvləri azaltmışıq. Futbolçularımın məşqdə göstərdiyi həvəsi, istəyi görürəm. İnanıram ki, hücumda da artıracağıq, daha yaxşı olacağıq. Qış fasiləsində bunun üzərində işləmək üçün vaxtımız olacaq.

- Əsasən hansı mövqeləri gücləndirmək istəyirsiniz və qış fasiləsində neçə transfer edəcəksiniz?

- İstərdim ki, hər mövqedə rəqabət olsun. Komandada rəqabət olanda, bu, futbolçuların xeyirinədir. Belə olanda, məşqçi də seçim etməkdə əziyyət çəkmir. Yenə deyirəm, bizi qane edəcək futbolçu olsa, hər möqedə futbolçu axtarışındayıq. Amma bu gün bir az çətindir.

- Son olaraq, təlim-məşq planınız müəyyənləşibmi? Aydın məsələdir ki, Türkiyəyə gedəcəksiniz. Bilmək istəyirəm ki, neçə yoxlama oyunu keçirəcəksiniz və hansı rəqiblərlə?

- Əlbəttə, planımız hazırdır. Yanvarın 4-ü Bakıda yığışırıq və 11-i burada bir yoldaşlıq oyunu keçirməyi planlaşdırırıq. Ayın 13-ü Antalyaya yola düşəcəyik və 27-sinə qədər orda olacağıq. Antalyada da 4 yoxlama oyunu keçirəcəyik. Hələ ki, rəqiblər bəlli deyil. Yaxın günlərdə bilinəcək. Bu müddətdə çalışacağıq ki, tam hazır olaq. Qış fasiləsindən sonra bizi həqiqətən çətin mübarizə gözləyir. Özünüz də görürsünüz ki, komandalar arasında xal fərqləri bir o qədər də çox deyil. Dörd komandanın son pillələrdə bir-birinə yaxın xalları var. Buna görə istərdik ki, 1-2 futbolçu bizə qoşulsun, gücümüzə güc qatsın. Klub rəhbərliyi də sağ olsun, bütün güclərini sərf edir ki, futbolçu tapaq. Ola bilər, hansısa bir futbolçu komandasından ayrıla bilər. Yəni, hər şey ola bilər. Amma hazırda real bir şey görmürük. Heyətdə elə futbolçular var ki, onların potensialları çoxdur. Götürək elə, Əfran İsmayılovu, Aleksey İsayevi, Cavid Tağıyevi. Bu fubolçular fərdil keyfiyyətlərə malikdir. Hətta komandada hücumçu olmasa belə, sadaladığım futbolçular rahat qol epizodu yarada bilirlər. Atilla da çalışqan, istəkli hücumçudur. Əlinə düşən şanslardan istifadə etsəydi, bu gün çempionatda 6 qolu ola bilərdi. O da məşqlərdə yaxşıdır. Belə deyim, komandada iki hücumçu olsa, bu, məşqçiyə xeyirdir. Oyuna sonradan da daxil edə bilərik, rəqabət də olar. Təəssüf ki, bu gün heyətimizdə ancaq gənclərdir. Onlar da hələ çox çalışmalıdır. Məşqlərdə çox yaxşı olurlar, amma oyunlarda o təzyiqə tam hazır deyillər. Sevindirici haldır ki, heyətimizdə gənc, prespektivli futbolçular var. Bu gün biz legioner transfer edə bilmiriksə, həvəsdən də düşmürük. Əlimizdə olan futbolçularla maksimum nəticə qazanmaq üçün çalışacağıq.

Bütün xəbərlər Facebook səhifəmizdə