MOK-un vitse-prezidenti: “Dövlət başçımızın xüsusi diqqəti yeni uğurların qazanılması üçün böyük stimuldur” - AÇIQLAMA - ÖZƏL

“Dövlət başçımız, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin hər ilin sonunda idmançılarla görüşməsi və ilin idman yekunlarını diqqətdə saxlaması Onun ölkə idmanına verdiyi yüksək dəyərin nümunəsidir”. Bunu SİA-ya açıqlamasında Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak etməsi və çıxışı Azərbaycan idman ictimaiyyətində böyük ruh yüksəkliyi yaradıb: “Cənab Prezident çıxışında bir daha Azərbaycan idmanının inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu bildirdi. Dövlət başçımızın ölkə idmanına xüsusi diqqəti yeni uğurların qazanılması üçün böyük stimuldur. Dünyanın heç bir yerində idmana dövlət səviyyəsində belə qayğı göstərilmir. Məhz Prezident İlham Əliyevin idmanın inkişafı istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan idmanı böyük inkişaf yolu keçib və ölkəmiz dünyanın idman mərkəzlərindən birinə çevrilib”.

MOK-un vitse-prezidenti bildirib ki, 2018-ci ildə də Azərbaycan idman sahəsində böyük uğurlar əldə edib: “İdmançılarımız dünya, Avropa çempionatları, yeniyetmələrin olimpiya oyunları, beynəlxalq yarışlarda yüksək nəticələr göstəriblər. Ölkəmizdə dünyanın ən mötəbər yarışları yüksək səviyyədə təşkil edilib.

İl ərzində əksər federasiyaların idmançıları nailiyyətlər qazanıblar. Bu il yeniyetmələr arasında Olimpiya Oyunlarına 17 idmançı ilə qatılan millimiz 2-si qızıl, 1-i gümüş və 3-ü bürünc olmaqla 6 medal qazanıb. Bədii gimnastımız Yelizaveta Luzan isə qarışıq komandanın tərkibində qızıl medala sahib olub. İdmançılarımızın həm böyüklər, həm gənclər və ən əsası, yeniyetmələr arasında nəticə verməsi Azərbaycanın gələcəyindən xəbər verir, gələcəyə aparan yol kimi qiymətləndirilir.

Qarşıdakı əsas məqsədlərdən biri 2019-cu ildə Bakıda Avropa Gənclər Olimpiya Festivalını yüksək səviyyədə təşkil etmək və idmançılarımızın uğurlu çıxışlarıdır”.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə