MOK-un vitse-prezidenti: “2018-ci il Azərbaycan idman ictimaiyyəti üçün yüksək nailiyyətlərlə yadda qaldı” - MÜSAHİBƏ - EKSKLÜZİV

Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) sədri Xəzər İsayevin SİA-ya eksklüziv müsahibəsi:

- Xəzər müəllim, 2018-ci il başa çatmaq üzrədir. Bu il Azərbaycan idmanı üçün necə keçdi?

- Ötən illərlə müqayisə etdikdə, bu il də Azərbaycan idmançıları fəallıq göstərdilər, çoxlu sayda qızıl, gümüş, bürünc medallar qazandılar və bayrağımızı dəfələrlə xarici dövlətlərdə, ölkəmizdə keçirilən tədbirlərdə yüksəklərə qaldırmağa nail oldular. Ümumillikdə, bu il əksər federasiyaların idmançıları nailiyyətlər qazanıblar. Bizdə bəzi federasiyalar həmişə çox fəal olublar. Bu il də gimnastika, güləş, boks, taekvondo, karate və digər növlərdə yüksək fəallıq müşahidə olundu. Gimnastika üzrə çox gözəl nailiyyətlərimiz oldu.

Bu il yeniyetmələr arasında Olimpiya Oyunlarına 17 idmançı ilə qatılan millimiz 2-si qızıl, 1-i gümüş və 3-ü bürünc olmaqla 6 medal qazanıb. Bədii gimnastımız Yelizaveta Luzan isə qarışıq komandanın tərkibində qızıl medala sahib olub. İdmançılarımızın həm böyüklər, həm gənclər və ən əsası, yeniyetmələr arasında nəticə verməsi Azərbaycanın gələcəyindən xəbər verir, gələcəyə aparan yol kimi qiymətləndirilir. Çox məmnunam ki, Azərbaycanın yeniyetmə idmançıları belə mötəbər yarışlarda yüksək nailiyyətlər əldə edirlər.

2018-ci ildə də ölkəmizdə mötəbər idman yarışları - dünya, Avropa çempionatları, Dünya Kubokları və Formula 1 üzrə Azərbaycan Qran Prisi uğurla təşkil edildi.

Qarşıdakı əsas məqsədlərdən biri 2019-cu ildə Bakıda Avropa Gənclər Olimpiya Festivalını yüksək səviyyədə təşkil etmək və idmançılarımızın uğurlu çıxışlarıdır. İdmançılarımız növbəti Avropa Oyunlarında da iştirak edəcəklər.

Ümumilikdə, 2018-ci il Azərbaycan idman ictimaiyyəti üçün yüksək nailiyyətlərlə yadda qaldı.

- Siz həm də Azərbaycan Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) sədrisiniz. Komissiya artıq 21 ildir fəaliyyət göstərir. Bu komissiyanın iş prinsipləri nədən ibarətdir və Olimpiya hərəkatına hansı faydalar verir?

- Bu sualı bizə zaman-zaman idman mütəxəssisləri, idmançılar, adi vətəndaşlar da ünvanlayır.

Qeyd edim ki, Azərbaycan Ədalətli Oyunlar Komissiyası dövlət başçımız İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin (MOK) Prezidenti seçilməsindən sonra yaradılıb. Onun təşəbbüsü ilə fəaliyyətə başlayan komissiya 1998-ci ildə Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) üzvü olub. Bu komissiya ədalət prinsiplərinə sadiqlik göstərən şəxslərin tərtibatıdır. Biz ancaq ədalətli oyunlar prinsipini təbliğ etməklə məşğuluq. Ümumiyyətlə, bütün ictimaiyyət ədalət prinsipi ilə yaşamalı, həyat tərzini bu prinsiplə qurmalıdır. Hər bir idman mütəxəssisimiz, idmançımız da atdığı hər addımda, xarici dövlətlərdə, yarış meydanlarında, arenalarda ədalət prinsiplərini qorumaqla Azərbaycanı yüksək səviyyədə təmsil etməlidir.

Biz hər ilin yekununda seçilmiş insanları ədalətli oyun prinsipinə sadiqliyinə görə, nominasiyalar üzrə təltif edirik. Bu ilin yekununda da sözügedən tədbiri keçirəcəyik. Ədalətli oyunlar prinsipinin təbliğatını təkcə təltifolunma ilə yekunlaşdırmırıq. Çalışırıq ki , AzƏOK olaraq müəyyən təşkilatlarla əməkdaşlıq edək, ədalət prinsipinin yayılmasına kömək edək. İdman tədbirlərinə, federasiyalara mütəxəssislər dəvət edirik ki, idmançılar bu haqda düzgün məlumatlandırılsınlar və ədalət prinsiplərinə əməl olunsun. Bu istiqamətdə işlərimizi mütəmadi davam etdiririk.

Biz Dünya və Avropa Ədalətli Oyunlar Hərəkatı ilə hər il görüşlərdə olur, assambleya və konqreslərdə iştirak edirik. Azərbaycanda da bu mötəbər qurumların görüşləri yüksək səviyyədə keçirilib. Bu haqda AzƏOK-in 20 illik yubileyi münasibətilə dərc etdirdiyimiz kitabda məlumatlar öz əksini tapıb.

Bir daha qeyd edim ki, bu prinsiplərin yüksək səviyyədə həyata keçirilməsi birbaşa dövlət başçımızın idmana verdiyi dəyərin nəticəsidir.

2009-cu ildə Avropa Ədalətli Oyunlar Hərəkatının konqresi və Assambleyası, 2015-ci ildə isə Avropa və Beynəlxalq Ədalətli Oyunlar hərəkatlarının birgə konqresi, Baş Assambleyası və qala-gecəsi ölkəmizdə yüksək səviyyədə təşkil olundu. Gündəlik həyatda Olimpiya tərbiyəsinin, Ədalətli Oyunlar dəyərlərinin və prinsiplərinin vacibliyinə yönələn bütün təşəbbüslərə verdiyi hərtərəfli dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu ildə Avropa Ədalətli Oyunlar Hərəkatının “Şərəf” nişanı ilə təltif edilib. 2015-ci ildə isə dövlətimizin başçısına Beynəlxalq Ədalətli Oyunlar Təşkilatının xüsusi medalı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya isə Avropa Ədalətli Oyunlar Hərəkatının ordeni təqdim olunub. Bu, dünyada Azərbaycanın nüfuzunun, ölkəmizdə ədalətli oyunlar prinsipinə verilən önəmin göstəricisidir.

- Beynəlxalq Ədalətli Oyunlar Komitəsi Ədalətli Oyunlar İnkişaf Mərkəzinin Bakıda yaradılmasını qərara alıb və siz mərkəzin prezidenti seçilmisiniz. Sizcə, BƏOK-nin Azərbaycanı seçməsinin səbəbi nədir?

- Bilirsiz ki, Azərbaycanın bir çox dövlətlərlə həm iqtisadi, həm siyasi, həm də idmanla bağlı yüksək səviyyəli münasibətləri var. Ədalətli Oyunlar İnkişaf Mərkəzinin mərkəzin Bakıda yaradılması və mənim sözügedən quruma rəhbər seçilməyimin məqsədi Beynəlxalq Ədalətli Oyunlar Hərəkatına üzv olmayan dövlətləri, yaxud ədalət prinsiplərini öz ölkələrində təbliğ etməyənləri bura cəlb etmək, hərəkatın fəal üzvünə çevirməkdir. Bu da Azərbaycan Prezidentinin yüksək nüfuzundan irəli gəlir. Bütün dünya ölkəmizdə idmana olan diqqət və qayğı, həmçinin ədalət prinsiplərinə sadiqliyimizdən xəbərdardır. Digər dövlətlər bizə inam hissi ilə yanaşırlar.

Mərkəzin Bakıda yaradılması həmçinin BƏOK-in ölkəmizdə ədalətli oyunlar sahəsində görülən işləri yüksək dəyərləndirməsi, dövlətimizə olan inam və etibardan irəli gəlir.

- Artıq bir neçə aydır Ədalətli Oyunlar İnkişaf Mərkəzi yaradılıb. Hazırda işlər hansı mərhələdədir?

- Bizə böyük dəstək verdiyinə görə gənclər və idman naziri Azad Rəhimova təşəkkürümü bildirirəm. Nazirliyin təşkilatçılığı ilə bir neçə dövlətin ədalətli oyunlar hərkatına qoşulması üçün sənədləşdirmə prossesləri aparılıb. Bəzi dövlətlərin nümayəndələrini AzƏOK-in 20 illik yubileyi ilə əlaqədar tədbirimizə dəvət etmişdik. Onlar çox böyük məmnuniyyətlə gəlib, iştirak etdilər. Etriraf etdilər ki, bu, onlarda istifadə olunmayan bir sahədir. Bizim fəaliyyətimizi gördükdən sonra ədalətli oyunlar prinsipi ilə tanış oldular. Onlar bildirdilər ki, çalışacaqlar ki, öz dövlətlərində Olimpiya hərəkatının nəzdində belə bir komissiya yaradılsın və beynəlxalq təşkilata üzv seçilsin. Artıq 11 dövlət mərkəzimizin üzvüdür. Çalışacağıq ki, 2019-cu ildə yenidən bu dövlətləri Azərbaycana dəvət edək.

- Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin 2017-ci ilin yekununa əsasən müəyyən edilən mükafatlarının təqdimetmə mərasimi Bakıda oldu. Bu haqda fikirləriniz maraqlı olardı...

- Mükafatlandırma mərasiminin Bakıda təşkil edilməsi həmin təşkilatın Azərbaycana qarşı olan münasibətindən irəli gəlir. Bu nominasiyalarda dünya idmançıları, dünya idman mütəxəssisləri, hətta ən ali insanlar təltif edilirlər. Sözügedən tədbir və qala proqramı AzƏOK və Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə baş tutdu.

Dünya və Avropa təşkilatının bizə önəm verməsi Azərbaycanda idmanın ədalət prinsipləri üzərində qurulmasından irəli gəlir. Bu da dövlətimizin, Azərbaycan olimpiya hərəkatının, Gənclər və İdman Nazirliyinin ədalət prinsiplərinə sadiqliyinin nəticəsidir.

- Bu ilin noyabr ayında Brüsseldə Avropa Ədalətli Oyunlar Hərəkatının 24-cü Konqresi və Assambleyasında iştirak etdiniz. İclaslarda ölkəmizdə Ədalətli Oyunlar Hərəkatı sahəsində aparılan işlər haqqında hansı fikirlər səsləndirildi? Avropa görülən işləri necə dəyərləndirir?

- Mən bir idmançı kimi deyirəm ki, orada ölkəmiz haqqında səsləndirilən fikirlərdən fəxarət hissi keçirdim. AzƏOK-nın 20 illik yubileyi münasibəti ilə nəşr etdirdiyimiz ədalətli oyunlar prinsipindən bəhs edən kitabı Brüsseldə konqres və assambleyada iştirak edən hər bir nümayəndəyə təqdim etdik. Avropa Ədalətli Oyunlar Hərəkatının mətbuat komissiyasının sədri kitabın nəşr olunmasının təqdirəlayiq olduğunu bildirdi. Ümummilli Liderimiz Heydər Əliyev, dövlət başçımız, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ədalət prinsipləri haqqında söylədikləri fikirlər orada geniş müzakirə olundu və çox yüksək dəyərləndirildi.

Çalışırıq ki, hər yerdə ədalət prinsiplərinin dəyərlərindən söz açaq. Orada da bu təbliğat onların gözündən yayınmadı. Tədbirdə iştirak edən hər bir dövlətin nümayəndəsi kitabı böyük məmnuniyyətlə özü ilə apardı. Bakıya qayıtdıqdan sonra isə İspaniya, Portuqaliya və Türkiyədən bir neçə idman mütəxəssisləri xahiş etdilər ki, bu kitabdan onlara da göndərək. Sözügedən kitab artıq bütün dünyaya yayılıb.

- Siz həm də Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin rəhbərisiniz. Mərkəzdə işlər necə davam edir?

- Biz yeniyetmələr və gənclər arasında nizam-intizam qaydalarının təbliğinə xüsusi diqqət edirik. Yarışlar təşkil edərək onları bir araya toplayırıq. Nizam-intizam qaydalarına düzgün riayət etmələri üçün xüsusi proqramlar həyata keçiririk. Çalışıram ki, yeniyetmələrə də tədbirlərdə AzƏOK-in mükafatları təqdim olunsun. Onlar şahid olsunlar ki, ədalət prinsiplərinə sadiq olan insanlar hər zaman qiymətləndirilirlər.

Əsas olaraq kütləviliyi təmin etməyə çalışırıq. Əgər yeniyetmə idmançıların kütləviliyi olmasa, gələcəkdə heç bir idman federasiyasının fəaliyyətindən söz açmaq olmaz. Yeniyetmə idmançıların iştirakı ilə çox az sayda yarışlar keçirilir. Atalar məsəli var: "Balıq dəryada böyüyər". İdmançı illər boyu əziyyət çəkir. Yarış təşkil olunmalıdır ki, özünü orada göstərə bilsin. Elə idmançılar var ki, nə qədər məşq etsələr də, uzun müddət heç bir tədbirdə iştirak edə, nailiyyət qazana bilmirlər. Valideynlərin evdə onlara qarşı narazılıqları ilə üzləşirlər. Yarışlar təşkil edirik ki, yeniyetmələr özlərini sınayıb, çatışmazlıqları və üstün tərəflərini üzə çıxarsınlar, üzərlərində işləsinlər. Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzi olaraq bu istiqamətdə işlərə üstünlük veririk. Gənclər üçün dövlət bayramları, nüfuzlu insanların doğum günü münasibəti ilə yarışlar təşkil edirik ki, dövlət və onların dəyərli nümayəndələri diqqətlərində olsun. Dövlət Gömrük Komitəsi rəhbərliyinə bizə yaratdığı yüksək şəraitə görə minnətdarlığımı bildirirəm.

Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə