Karateçilərimiz mövsümün son liqa turnirində yarışacaqlar

Karate üzrə yeniyetmə və gənclərdən ibarət milli komandamız 14-16 dekabr tarixlərində İtaliyanın Venesiya şəhərində mövsümün son Liqa turnirinə yollanacaq. Azərbaycan Milli Karate Federasiyasından SİA-ya verilən məlumata görə, Dünya Karate Federasiyasının (WKF) bu ildən təşkil etdiyi Gənclər liqası turnirinin yekun yarışında 12 idmançımız iştirak edəcək. Baş məşqçi Anar Allahverdiyev və böyük məşqçi Qurban Tağıyev, eləcə də kata üzrə baş məşqçi Vahid Ayvazov və böyük məşqçi Vüqar Kərimov nüfuzlu turnirdə əsasən liderlərin iştirak etməsinə üstünlük veriblər.

14-15 yaşlı yeniyetmələr arasında Hüseyn Məmmədli (-57 kq), Tale Yaqubov (-63 kq), Fidan Dadaşova (-48 kq), Emin Namazov (kata), 16-17 yaşlı gənclərdə isə Əminağa Quliyev (-61 kq), Tural Yaqubov, Fərid Ağayev (-68 kq), Musa Sarızadə, Abbas Dadaşov (+76 kq), Mədinə Sadıqova (-48 kq), Polina Qurenko (-53 kq) və Ceyhun İsmayılov (kata) tatamiyə çıxacaq.

Məşqçilər A.Allahverdiyev, Denis Morozov, Gündüz Mahmudov və Əbülfət Qarayevdən başqa, beynəlxalq hakim V.Kərimov da Gənclər Liqasına yola düşəcək.

Qeyd edək ki, bu yarış 2018-ci ildə Azərbaycan karateçilərinin iştirak edəcəyi son rəsmi turnir olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə