Marşal Proqramına qəbul davam edir!

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) nəzdində fəaliyyət göstərən Bakı Marşal Klubunda (BMK) 26-28 aprel 2019-cu il tarixlərində keçiriləcək Formula 1 Azərbaycan Qran Prisinin Marşal Proqramına qeydiyyat prosesi davam edir. BŞH-dən SİA-ya verilən məlumata görə, hər gün, saat 09:00-22:00 aralığında fəaliyyət göstərən Bakı Marşal Mərkəzi (BMM) Qran Pri Marşalı olmağı arzulayan hər bir kəsin müraciətini qəbul etməyə hazırdır.

2017-ci ilin gözlənilməz nəticə ilə sonlanan F1 yarışının yaratdığı həyəcan hisslərinin 2018-ci il yarış həftəsonunda da təkrarlanması kimi bir gözlənti yaranması işimizi bir qədər çətinləşdirsə də, böyük məmnuniyyətlə deyə bilərik ki, mövsümün ən möhtəşəm F1 yarışlarından birinə ev sahibliyi etdik. Belə ki, 2018 Formula 1 Azərbaycan Qran Prisi İngiltərənin məşhur “The Times” və “The Guardian” nəşrləri kimi dünyanın aparıcı kütləvi informasiya vasitələri tərəfindən “2018-ci ilin ən yaxşı yarışı” seçildi.

Bundan başqa, bir çox qəza və toqquşmalar nəticəsində olduqca gərgin keçən ötən yarış həftəsonunun Bakı Şəhər Halqası üçün Marşalların dünya standartlarına uyğun fəaliyyət göstərmələri baxımından da kifayət qədər uğurlu keçdiyini deyə bilərik. Belə ki, yarış zamanı BŞH Marşalları kütləvi qlobal televiziya auditoriyası qarşısında özlərini itirmədən, maksimum effektiv şəkildə, ən az 60 dəfə trekə daxil olaraq öz işlərini layiqincə yerin yetirdilər.

Ötən il yarış nə qədər uğurlu keçsə də, BŞH komandası daimi olaraq müsbət dəyişikliklər edilməsi və marşal fəaliyyətinin daha da təkmilləşdirilməsinə çalışır. Bunun üçün isə BŞH 2019-cu ildə keçiriləcək F1 yarışı üçün proqrama 300 nəfər yeni marşalın qəbul olunmasını hədəfləyir. Ümumilikdə isə, Marşal Proqramına 1100 nəfər yerli, 140 nəfər xarici vətəndaşın qəbul olunması planlaşdırılır. Müraciət prosesindən uğurla keçən şəxslər üçün təlimlərin 1 fevral 2019-cu il tarixində başlaması nəzərdə tutulub.

Kampaniyanın keçirilməsində əsas məqsəd bu möhtəşəm idman tədbirinə yüksək səviyyədə hazırlaşmaq və insanlar üçün yarışın uğurla başa çatmasına töhfə vermək fürsəti təmin etməkdir. Qeyd edək ki, yaşayış yerindən asılı olmayaraq, 21 yaşdan yuxarı hər kəs bu proqrama qoşula bilər.

Proqrama cəlb olunmuş marşallar 2019 Formula 1 Azərbaycan Qran Prisinin əvəzolunmaz bir hissəsi olmaq və eyni zamanda Formula 1 yarışının həyəcanını trekə ən yaxın yerdən yaşamaq imkanına sahib olacaqlar.

Formula 1 yarış həftəsonunu uğurla başa çatdıran hər bir marşala Azərbaycan Avtomobil Federasiyasının təqdim etdiyi, Beynəlxalq Avtomobil Federasiyası (FİA) tərəfindən təsdiq olunmuş beynəlxalq lisenziyalı sertifikat təqdim olunacaq. Beynəlxalq lisenziya marşallara, təkcə Azərbaycanda deyil, Formula 1 Qran Prisinə ev sahibliyi edən digər ölkələrdə keçiriləcək yarışlara qatılmaq hüququ verəcək.

2019 Formula 1 Azərbaycan Qran Prisində Marşal fəaliyyəti haqqında daha ətraflı məlumat əldə etmək üçün aşağıdakı linklərdən istifadə edə və ya +994 12 404 13 83 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz:

BŞH rəsmi internet səhifəsi: www.bakucitycircuit.com

BMM Facebook: https://www.facebook.com/BakuMarshalsClub/

Bütün xəbərlər Facebook səhifəmizdə