BOK İdmançılar Komissiyası tarixdə ən böyük tərkibdə toplaşacaq

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İdmançılar Komissiyası tarixdə ən böyük tərkibdə toplaşmaq niyyətindədir. Bu tədbir 2019-cu il aprelin 13-dən 15-dək Lozannada idmançıların beynəlxalq forumunda keçiriləcək. SİA xəbər verir ki, bu beynəlxalq foruma ilk dəfə olaraq bütün 206 milli olimpiya komitəsini təmsil edən atletlər dəvət olunacaq və iştirakçıların sayı 350 nəfərə çatacaq. Beləliklə, qarşıda ən böyük forum gözlənilir. Dəvət edilənlərin siyahısında: yay və qış olimpiya idman növləri üzrə bütün beynəlxalq federasiyaların idmançılar komissiyalarının, Milli Olimpiya Komitələri Assosiasiyasının, milli olimpiya komitələrinin qitə assosiasiyalarının, Olimpiya Oyunlarının Təşkilat Komitələrinin, Ümumdünya Antidopinq Agentliyinin, Beynəlxalq Paralimpiya Komitəsinin və Ümumdünya Olimpiyaçılar Assosiasiyasının nümayəndələri var.

BOK İdmançılar Komissiyasının sədri Kirsti Koventri əmindir: “İdmançıların 9-cu Beynəlxalq forumu dünya idmançılar komissiyalarını daha sıx birləşdirmək üçün gözəl imkan yaradacaq. Amma, ən vacibi, bu forum bir-birimizi dinləmək, mühüm mövzuları konstruktiv şəkildə müzakirə etmək və təcrübəmizi təhlil etmək üçün bir fürsət olacaq”.

BOK-un prezidenti Tomas Baxın fikrincə, "İdmançılar Komissiyası 1981-ci ildə Baden-Badendə Olimpiya Konqresindən başlanan uzun bir yol keçib. İndi bu Komissiya bütün dünyadan seçilmiş idmançıların qanuni səsidir. BOK 2020-ci il Olimpiya Oyunlarının gündəliyi çərçivəsində bizim həmrəylik modeli vasitəsilə atletlərin dəstəklənməsi üçün mühüm tədbirlər görüb. İdmançıların beynəlxalq forumu idmançıların səsinin effektivliyini və idman administrasiyasının bütün səviyyələrində qiymətləndirildiyini yəqin etmək üçün çox dəyərli imkandır”.

BOK İdmançılar Komissiyasının strategiyası atletlərin direktiv orqanlarda daha çox təmsil olunması, olimpiya hərəkatının ən yüksək səviyyədə bütün əlaqədar qurumlar tərəfindən idmançıların fikrinin eşidilməsi, həmçinin idmançılar komissiyalarının imkanlarının genişləndirilməsi səylərinə əsaslanır.

Bütün xəbərlər Facebook səhifəmizdə