Adnan Kistak: “Artıq 3 aydır ki, komandamız bu yarışa hazırlaşır” - AÇIQLAMA

Noyabrın 22-25-də Ukraynanın Zaparojye şəhərində 2002-2003-cü il təvəllüdlü voleybolçu qızlar arasında EEVZA çempionatı keçiriləcək. SİA-nın məlumatına görə, yarışla bağlı komandamızın baş məşqçisi Adnan Kistak fikirlərini bildirib: “Komandamız son məşqlərini keçirir. Qızlarımız ilk görüşə 22 noyabr tarixində çıxacaqlar. Bu, onların beynəlxalq yarışda ilk iştirakı olacaq. Artıq 3 aydır ki, komandamız bu yarışa hazırlaşır. Əsas məqsədimiz yayda, Bakıda keçiriləcək U-19 komandalarının festivalında qızlarımızın daha yaxşı formada olmasıdır. Ona görə də bu yarışda qızların daha inamlı oynamalarına kömək etməliyik ki, gənclərimiz təcrübə toplasınlar. Bildiyiniz kimi, voleybolçu keçirdiyi oyunlarla təcrübəsini artırır, məşqlər zamanı isə səhvlərini düzəldir. EEVZA çempionatında rəqiblərimiz Ukrayna, Belarus, Polşa, Estoniya milliləridir. Baş məşqçi kimi komandamızın yaxşı oyun nümayiş etdirməsi üçün əlimdən gələni edəcəyəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə