2019-cu ildə Bakı hansı beynəlxalq gimnastika yarışlarına ev sahibliyi edəcək? - AÇIQLAMA - ÖZƏL

Azərbaycan Gimnastika Federasiyası (AGF) Milli Gimnastika Arenasında keçirilən akrobatika üzrə Dünya Kubokundan sonra bu mövsüm beynəlxalq yarışların təşkilini başa vuracaq. Ancaq dekabrın 2-3-də paytaxtımız Beynəlxalq Gimnastika Federasiyasının (FIG) 82-ci Konqresinə ev sahibliyi edəcək. Bu haqda SİA-ya AGF-nin mətbuat katibi Bikə Abdullayeva məlumat verib.

Onun sözlərinə görə, FIG-in ən ali orqanı sayılan Konqresdə iştirak etmək üçün Bakıya 100-dən çox ölkənin rəsmi nümayəndələri - federasiyaların prezidentləri, vitse-prezidentləri, texniki komitənin prezidentləri və üzvləri gələcəklər.

B.Abdullayeva bildirib ki, 2019-cu ildə isə AGF 3 dünya kuboku, 2 Avropa çempionatı və 1 dünya çempionatını Bakıda təşkil edəcək: “Bunlardan əlavə, Gənclərin Yay Olimpiya Festivalı çərçivəsində də gimnastika yarışları keçiriləcək. Bu yarışların da Milli Gimnastika Arenasında təşkil edilməsi planlaşdırılır. Bu, artıq AGF-nin təsdiqlənmiş təqvim planıdır. Ancaq başqa beynəlxalq yarışların da ölkəmizdə təşkil edilməsi üçün dəyişiklik edilməsi istisna deyil”.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə