UEFA Millətlər Liqası: kim uduzdu, kim uddu

Noyabrın 15-də UEFA Millətlər Liqasının 5-ci turuna start verilib. SİA xəbər verir ki, turun açılış matçı D liqasının 1-ci qrupunda yer alan Qazaxıstan və Latviya yığmaları arasında oynanılıb. Meydan sahibləri hesabda öndə olsalar da, qonaqlar fasilədən sonra hesaba tarazlıq gətirib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Turun mərkəzi qarşılaşması Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilib. Son dünya çempionatının finalçısı Xorvatiya millisi doğma meydanda İspaniya seçməsini qəbul edib. Qarşılaşmanın birinci hissəsi gərgin idman mübarizəsi şəraitində keçsə də, hesab açılmayıb.

Fasilədən sonra üstün oyun nümayiş etdirən ispanlar rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıblar. Buna baxmayaraq hesabı xorvatlar açıb. Qarşılaşmanın 54-cü dəqiqəsində İvan Rakitiçin ötürməsini Andrej Kramariç dəqiq zərbə ilə tamamlayıb - 1:0. Vurulan qoldan iki dəqiqə sonra İspaniya millisi hesaba tarazlıq gətirib. Daniel Sebalyos adını tabloya yazdırıb - 1:1. Matçın 69-cu dəqiqəsində meydan sahibləri yenidən hesabda önə keçib. Luka Modriçin cinah ötürməsini Tin Jedvaj dəqiq baş zərbəsi ilə tamamlayıb - 2:1. Oyunun 78-ci dəqiqəsində baş hakim xorvatların qapısına penalti təyin edib. Topa yaxınlaşan komandanın kapitanı Serxio Ramos fürsəti əldən verməyib - 2:2. Bu da oyunda son qol olmayıb. Əlavə vaxtda Xorvatiya qələbə topunu vurmağa müvəffəq olub və qrupda birinci yerin taleyini son turda İngiltərə ilə səfər oyununa saxlayıb - 3:2.

A liqasının 2-ci qrupunda yer alan Belçika millisi doğma meydanda Mişi Batşuayinin dublu ilə İslandiya üzərində inamlı qələbə qazanıb. Bu qələbə sayəsində Belçika növbəti mərhələyə vəsiqəni böyük ölçüdə təmin edib.

B liqasında Robert Prosineçkinin rəhbərlik etdiyi Bosniya və Herseqovina səfərdə Avstriya ilə qolsuz heç-heçə edərək, görüşü 3-cü qrupun lideri kimi başa vurub.

C liqasının 2-ci qrupunda Macarıstan Estoniyanı, Yunanıstan isə Finlandiyanı məğlub edib. Nəticədə qrupda birinci yerin taleyi son turda bəlli olacaq.

Turun qalan üç oyununda növbəti nəticələr qeydə alınıb:

D liqası 1-ci qrup

Andorra - Gürcüstan - 1:1

D liqası 2-ci qrup

Lüksemburq - Belarus - 0:2

San-Marino - Moldova - 0:1.

Bütün xəbərlər Facebook səhifəmizdə