WADA-nın prezidenti: "AMADA-nın fəaliyyətindən çox razıyıq"

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) işini yüksək qiymətləndirirəm. Yeni yaranan yerli təşkilatın inkişafının şahidi oluruq". SİA-nın məlumatına görə, bunu Bakıda keçirilən Ümumdünya Antidopinq Agentliyinin (WADA) Təsisçilər Şurasının və İcraiyyə Komitəsinin iclasından sonra təşkil edilən mətbuat konfransında WADA-nın prezidenti Kreyq Ridi deyib.

O, AMADA-nın uğurlu fəaliyyət göstərdiyini vurğulayıb: "Bir neçə ildir nazir Azad Rəhimovla söhbətlər aparırıq. O da yaxşı bilir ki, Azərbaycanda idmanın yüksək səviyyədə olması üçün Antidopinq Agentliyinin mövcudluğu zəruridir. AMADA-nın cavan direktoru var. Onun da inkişafda rolu olub. Bundan sonra irəliyə baxılmalıdır".
K. Ridi qeyd edib ki, rəhbərlik etdiyi qurum mütəmadi olaraq milli təşkilatlarda auditlər aparır: "Biz hər il qadağan olunmuş maddələrin siyahısını yeniləyirik. Çünki antidopinq dünyası sürətlə dəyişir. İstəyimiz odur ki, yerli təşkilatlar məcəlləyə uyğun fəaliyyət göstərsinlər. Hazırda Azərbaycan Milli Antidopinq Agentliyinin fəaliyyətindən çox razıyıq. Bu qurum Polşadakı təşkilatla sıx əməkdaşlıq sayəsində çox iş görüb".

Qeyd edək ki, AMADA 2016-cı ildə yaradılıb.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə