Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə

Londonda şahmat üzrə dünya çempionu adı uğrunda mübarizə davam edir. SİA-nın məlumatına görə, noyabrın 13-də dördüncü partiyada ağ fiqurlarla oynayan Norveç idmançısı Maqnus Karlsen ABŞ təmsilçisi Fabiano Karuana ilə 34-cü gedişdə heç-heçə edib.

Şahmatçılar ilk üç partiyada da xalı yarı bölüblər. Beləliklə, dörd oyunun nəticəsinə görə hesab bərabərdir - 2:2.

Beşinci partiya noyabrın 15-də oynanılacaq.

Noyabrın 28-dək davam etməsi nəzərdə tutulan yarış vaxta klassik üsulla nəzarət edilən 12 partiyadan ibarət olacaq. Hər iki partiyadan sonra bir istirahət günü planlaşdırılır. On iki partiyadan sonra hesab heç-heçə olarsa, tay-brek təyin ediləcək.

Oyunun ümumi mükafat fondu 1 milyon ABŞ dolları təşkil edir. Qalib şahmatçıya 600 min, məğlub olana isə 400 min dollar məbləğində mükafat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə