Qılıncoynadanlarımız dünya kuboku yarışlarında iştirak ediblər

Fransanın Orlean şəhərində qadınlar arasında qılıncoynatmanın sablya növü üzrə dünya kuboku yarışları keçirilib. SİA-nın məlumatına görə, turnirdə ölkəmizi Səbinə Kərimova, Sevil və Sevinc Bünyatova bacıları, Aysel Əhədova təmsil ediblər.

Sablyaçılarımız həm şəxsi, həm komanda yarışlarında qüvvələrini sınayıblar. Təmsilçilərimizdən Səbinə Kərimova şəxsi yarışda qrup mərhələsində keçirdiyi 6 görüşdən 4-də qələbə qazanıb. Pley-offda almaniyalı Anna Limbaxı 15:10 hesabı ilə məğlub edən S.Kərimova növbəti mərhələdə Yunanıstan idmançısı Despina Georgidouya 8:15 hesabı ilə uduzub. Səbinə Kərimova 190 iştirakçı arasında 70-ci olub.

Qrupda keçirdiyi 6 görüşdən 4-də qələbə qazanan Sevil Bünyatova da pley-offa vəsiqə qazanmağı bacarıb. Pley-offda keçirdiyi ilk görüşdə fransalı sablyaçı Amelia Aimeyə 15:10 hesabı ilə qalib gələn Sevil növbəti mərhələdə Rusiya idmançısı Valeriya Bolşakovaya 10:15 hesabı ilə uduzub. Sevil Bünyatova idmançıların yekun sıralamasında 77-ci yerdə qərarlaşıb. V.Bolşakova Sevillə qarşılaşmazdan əvvəl pley-off mərhələsinin ilk görüşündə, qrupda keçirdiyi 6 görüşdən 2-də qələbə qazanan Sevinc Bünyatovanı 8:15 hesabı ilə məğlub edib. Qrup mərhələsində keçirdiyi 6 görüşdən yalnız 1-ni qalib başa vuran Aysel Əhədova isə mübarizəni erkən dayandırıb.

Yığmamız dünya kubokunda komanda yarışlarında da iştirak edib. 1/16 finalda Belarusa 37:45 hesabı ilə uduzan sablyaçılarımız komanda yarışında 18-ci olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə