Tərlan Əhmədov: "Dəyişikliklər oyuna müsbət təsirini göstərdi" - MÜSAHİBƏ

"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının XI turunda "Sumqayıt"a səfərdə 4:1 hesabı ilə qalib gəldikləri matçdan sonra mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, 47 yaşlı mütəxəssis əvvəlcə hazırkı klubunda qazandığı ilk qələbəni dəyərləndirib.

- Bu 3 xal bizə çox lazım idi. Çünki 7-ci pillədə qərarlaşmışıq. Oyuna ciddi hazırlaşmışdıq. Komandanı bacardığımız qədər toparlaya bildik. Çalışdıq ki, kompakt oynayaq. Hücumda daha aqressiv idik. Dəyişikliklər də oyuna müsbət təsirini göstərdi. Sevinirəm ki, 4 qol vurduq. Komandanı təbrik edirəm. Fasilədən səmərəli istifadə etməyə çalışacağıq.

- Vaqif Cavadovun yoxluğu nə ilə bağlıdır?
- Onun 3-4 gündü hərarəti var, karantindədir.

- Amil Yunanov niyə belə yaxşı oynadı?
- Onunla təkbəkək söhbətim oldu. Bilirəm ki, istəkli, aqressiv hücumçudur. Başa saldım ki, istəkli olmasan, yaddan çıxacaqsan. İstədiyimin 50-60 faizini ortaya qoya bildi.

- Sizin gəlişinizdən sonra oynamayan Ebrima Sohna göndəriləcək?
- Heç bir siyahım yoxdur. Rəhbərliklə söhbətim olmayıb. Qışadək bacardığımız qədər çox xal toplamağa çalışacağıq. Həmin mövqedə çıxış edən futbolçulardan razıyam. Ola bilər ki, fasiləyə 1 tur qalmış söhbətimiz oldu. Hər halda, komandada futbolçu sarıdan artım olacaq.

- "Neftçi"də bir yerdə işlədiyiniz Bahodir Nasimovun durumu necədir?
- O, təcrübəli futbolçudur. Azərbaycanda da oynayıb. İndiyədək "Keşlə"də az oynayıb. 4 hücumçudan ən yaxşı kimdirsə, o da oynayacaq. Bu gün iki hücumçuyla oynadıq. Bahodirin durumu hələ ki özündən asılıdır.

- "Sumqayıt"la ilk dövrədəki oyunun xüsusi analizi olmuşdu?
- Bütün oyunları, komandanın funksional hazırlığını təhlil etmişdim. Bu, təkcə "Sumqayıt"la matç deyildi. Beş müdafiəçi ilə oynamağı sevmirəm. Ancaq rəqibə görə belə taktiki sxemi seçmişdim.

- "Keşlə"dən gedən futbolçuların yeri görünürmü?
- Həmişə demişəm ki, əvəzolunmaz futbolçudu yoxdur, təkrarolunmaz var. Gedənlərin heç birinin yeri görünmür. Onlara uğurlar arzulayıram. İndiki futbolçuların hamısından razıyam.

- Oyun gedə-gedə 4-cü hakimliklə dialoqunuz oldu. Əvvəldən tanışlığınız var?

- (gülür) Bütün futbol ictimaiyyəti hamı bir-birinə tanışdır. "Sumqayıt"da qırmızı vərəqədən sonra qapıçı meydana girəndə, vaxt çox dayandı. Hər məşqçinin etirazı olur. Udanda da, uduzanda. Bu, təbiidir.

Bütün xəbərlər Facebook səhifəmizdə