“Qalatasaray” turnir cədvəlində ikinci sıraya yüksəlib

Bu gün futbol üzrə Türkiyə Superliqasının XII turunda turnir cədvəlində üçüncü pillədə yer alan “Qalatasaray” səfərdə “Kayserispor”la qarşılaşıb. SİA xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən matçda İstanbul təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.

Baş hakim Ümit Öztürkün idarə etdiyi oyunda hesab 18-ci dəqiqədə Henry Onyekurunun vurduğu qolla açılıb. İlk hissə “Qalatasaray”ın 1:0 üstünlüyü ilə başa çatıb.

Fasilədən sonra Henry Onyekuru 75-ci dəqiqədə matçda dubl edərək hesab arasındakı fərqi ikiyə çatdırıb. Oyunda sonuncu qolu rəqib qapısından Marianonun ötürməsindən sonra Ömər Bayram keçirib.

Bu gün keçirilmiş digər görüşdə lider “Başakşəhər” komandası səfərdə “Rizespor”a 2:1 hesabı ilə qalib gəlib. Ötən gün oynanılan görüşdə “Yeni Malatyaspor” “Trabzonspor”u 5:0 hesabı ilə məğlub edib.

Bugünkü oyundakı qalibiyyətdən sonra hesabındakı xallarının sayını 23-ə çatdıran “Qalatasaray” turnir cədvəlində ikinci sıraya yüksəlib. “Başakşəhər” 27 xalla çempionatın vahid lideridir. Hesabında 21 xal olan “Yeni Malatyaspor” komandası üçüncü sırada qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə