"Bu da Allahın qismətidir, hədiyyədir"

“Maraqlı oyuna şahidlik etdik. Hər iki komanda məzmunlu və sürətli futbol sərgilədi”. Bu sözlər “Səbail”ın baş məşqçisi Aftandil Hacıyev Topaz Premyer Liqanın 8-ci turunda “Qarabağ”la keçirilən oyundan sonra mətbuat konfransında deyib.

Gənc mütəxəssis məğlubiyyəti belə şərh edib: “Layiqli müqavimət göstərdik. Buna görə komandama təşəkkür edirəm. Bu tempi saxlaya bilsək, lazımi xalları toplaya bilərik. Bunu unudub, qarşıdakı matçlara hazırlaşmalıyıq. Bizi daha çətin oyunlar gözləyir. Hələ əsas rəqiblərimizlə qarşıda oynayacağıq”.

“Qarabağ” matçın 2-ci hissəsində adı oyun protokolunda olmayan futbolçunu meydana buraxıb. Bu səbəbdən Ağdam klubuna texniki məğlubiyyət verilə bilər. A.Hacıyevin məsələyə münasibət bildirib:
"Mən də məlumatı indi eşitdim ki, texniki səhv olub. “Zirə” ilə oyunda da, bu gün də layiqli oyun göstərmişdik. Bu da Allahın qismətidir, hədiyyədir. Bundan imtina edə bilmərik. Belə bir səhv bizim də başımıza gələ bilər. Bu səhv yenə də “Qarabağ”ın gücünü azaltmır. Onlar ölkəmizin ən güclü komandasıdır, desəm yanılmaram. Son illərin çempionudur. Ümid edirəm ki, avrokuboklarda bizi sevindirərlər”.

Bütün xəbərlər Facebook səhifəmizdə