"Neftçi”nin futbolçusu: "Bunun üçün əlimizdən gələni edəcəyik”

"Neftçi”nin futbolçusu Dario Frederiko klubun saytına açıqlama verib. Braziliyalı yarımmüdafiəçi əvvəlcə Topaz Premyer Liqanın 8-ci turunda "Qəbələ" ilə keçiriləcək səfər oyunu haqda danışıb: "Bizi çox çətin səfər oyunu gözləsə də, ümid edirəm, yaxşı nəticə ilə qayıdacağıq. Bunun üçün əlimizdən gələni edəcəyik”.
Mövsüm ərzində 3 qola imza atan Frederiko bu göstəricini artırmağa çalışacağını deyib: "Təbii ki, 3 qolla kifayətlənmək fikrində deyiləm. Çalışacam bu göstəricini yaxşılaşdırım. İnanıram ki, ikinci dövrədə qollarımın sayını artırmaqla, komandaya daha böyük fayda verəcəm”.

Sabahkı oyunda Baqali Dabonun iştirak etməyəcəyi ehtimalını dəyərləndirən Dario bunları bildirib: "Baqali komandamızın ən faydalı, ən vacib futbolçularından biridir, həm də bombardiridir. Əgər Dabo meydana çıxmasa, bizim üçün itki olacaq, amma komandada onu əvəzləyə biləcək futbolçular var”.

Braziliyalının fikrincə, Topaz Premyer Liqasında başa çatmaqda olan fasilə komandaya mənfi təsir göstərməyəcək: "İnanmıram ki, beynəlxalq oyunlarla bağlı yaranmış fasilə komandamıza mənfi təsir etsin. Biz bu fasilə ərzində çalışmışıq, öz üzərimizdə işləmişik. Əksinə, yaxşı təsir göstərə bilər. Xatırlayırsızsa, sentyabrda yaranmış fasilədən sonra ardıcıl 4 qələbə qazanmışdıq. Ümid edirəm ki, bu seriyanın davamını gətirə biləcəyik”.

Komandada özünü xoşbəxt hiss etdiyini dilə gətirən Dario azarkeşlərə də mesaj göndərib: "Artıq bu komandaya tam uyğunlaşmışam. Rəhbərlik, məşqçi heyəti, komanda yoldaşlarımla əla münasibətlərim var. Tez uyğunlaşmağımda onların rolu böyükdür. Amma bunda azarkeşlərin xüsusi payı var. Fanatlarımız mənə və komandaya həmişə dəstək olur. Biz bunu istər ev, istər səfər – hər oyunda hiss edirik”.

Bütün xəbərlər Facebook səhifəmizdə