F1 yarışlarının mövsümqabağı testlərinin cədvəli məlum olub

2019-cu il Formula 1 yarışlarının mövsümqabağı testlərinin cədvəli məlum olub. SİA Barselonadakı trasın rəsmi "Twitter" səhifəsinə istinadla xəbər verir ki, 2019-cu ilin mövsümqabağı testləri hər biri 4 gün davam edəcək iki sessiyadan ibarət olacaq.

Birinci sessiya 2019-cu il fevralın 18-dən 21-dək, ikinci sessiya isə fevralın 26-dan martın 1-dək keçiriləcək. Beləliklə, gələn il mövsümqabağı testlərin formatı 2018-ci ildə istifadə edilən formatdan əsla fərqlənməyəcək. Hərçənd, bu sessiyaların İspaniyadan Bəhreynə keçirilə biləcəyi barədə söhbətlər gedirdi.

2016-cı il mövsümündən başlayaraq mövsümqabağı testləri eksklüziv olaraq Kataloniyadakı tras qəbul edir.

Onu da qeyd edək ki, 2019-cu il mövsümündə ilk Qran-Pri yarışları mövsümqabağı testlər başa çatandan cəmi iki həftə sonra – martın 15-dən 17-dək Avstraliyada keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə