Millimiz Yeniyetmələrin III Yay Olimpiya Oyunlarını 6 medalla başa vurub

Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının çıxışları başa çatıb. SİA-nın məlumatına görə, 17 idmançı ilə Olimpiadaya yollanan milli komandamız 2-si qızıl, 1-i gümüş və 3-ü bürünc olmaqla 6 medal qazanıb.

Qızıl medalları Azərbaycanın aktivinə cüdoçu Vüqar Talıbov (66 kq) və sərbəst güləşçi Turan Bayramov (65 kq) yazdırıblar. Ağırlıqqaldırma yarışında çıxış edən Tarmenxan Babayev (85 kq) Olimpiadanın gümüş medalına sahib olub. Bürünc medallara isə taekvondoçu Cavad Ağayev (63 kq), boksçu Nurlan Səfərov (60 kq) və güləşçi Şahanə Nəzərova (43 kq) layiq görülüblər.

Qeyd edək ki, bədii gimnastımız Yelizaveta Luzanın Olimpiadada qarışıq komandanın tərkibində qazandığı qızıl medal millimizin aktivinə yazılmayıb. Beynəlxalq Olimpiya Komitəsinin qərarına əsasən onun medalı ümumi sıralamada komandamızın hesabında göstərilməyib.

Beləliklə, Azərbaycan milli komandası 208 ölkənin qatıldığı Olimpiadanın medal sıralamasında 31-ci pillədə qərarlaşıb.

Medal sıralamasına Rusiya yığması başçılıq edir. Rusiyalı atletlər 56 (28 qızıl, 16 gümüş, 12 bürünc) medal qazanıblar. Çin 36 (18-9-9) medalla ikinci, Yaponiya isə 38 (15-11-12) medalla üçüncüdür.

Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına bu gün yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə