Almaniya millisindən ŞOK antirekord!

Futbol üzrə Almaniya millisi UEFA Millətlər Liqasının 3-cü turunda Fransaya uduzmaqla (1:2) antirekorda imza atıb. Belə ki, dördqat dünya çempionu 2018-ci ildə artıq 6-cı məğlubiyyətlə üzləşib. Bu, yığmanın tarixində ən uğursuz nəticədir. Buna qədər "alman maşın"ının ən uğursuz dönəmi 1956 və 1985-ci il olub. Həmin illərdə komanda 5 dəfə məğlubiyyət acısı yaşayıb.

Qeyd edək ki, Yoahim Lövün komandası bu il yoxlama oyunlarında Braziliya (0:1) və Avstriyaya (1:2), dünya çempionatında Meksika (0:1) və Cənubi Koreyaya (0:2), Millətlər Liqasında isə Hollandiya (0:3) və Fransaya (1:2) uduzub. Yığma bu il cəmi 3 qələbə qazanıb və 2 heç-heçə edib.

Bundan əlavə Almaniya millisi 2000-ci ildən indiyədək ilk dəfə ardıcıl iki rəsmi oyunda məğlub olub. Xatırladaq ki, Bundestim yayda Rusiyada keçirilən dünya çempionatında da tarixinin ən uğursuz nəticəsi ilə üzləşmişdi. Komanda ilk dəfə dünya çempionatının pley-offuna yüksələ bilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə