Tokioda Karate 1 Premyer Liqa turniri başa çatıb - FOTOLAR

Yaponiyanın paytaxtı Tokioda Dünya Karate Federasiyasının (WKF) Karate1 Premyer Liqa seriyasından mövsümün son turniri başa çatıb. Azərbaycan idmançıları ilin son turnirində müəyyən səbəblərə görə uğur əldə edə bilməyiblər.

SİA-nın məlumatına görə, Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov (67 kq) və Nuranə Əliyeva (50 kq) təsəlliverici çıxışlara, Asiman Qurbanlı (84 kq) isə bürünc mükafat uğrunda həlledici görüşə qatılsa da, zədə aldıqlarına görə F.Fərzəliyev və A.Qurbanlı mükafatçılar sırasına düşə bilməyiblər. Ayxan Mamayev (84 kq) də üçüncü görüşdə ciddi zədələnərək yarışları tərk edib. Şahin Atamov (84 kq) isə hakim səhvi üzündən məğlub olub.

Sonda ilin ən nüfuzlu turnirinin yekunlarına görə müxtəlif çəki dərəcələrində fərqlənən idmançılara “Grand winners” mükafatı təqdim olunub. Milli komandanın üzvlərindən mövsümü daha uğurlu keçirən Rafael Ağayev (75 kq) bu mükafata layiq görülüb.

Dünya Karate Federasiyasının Karate1 seriyasından yarışda 70 ölkədən 630 idmançı iştirak edib.

Azərbaycan Milli Karate Federasiyanın prezidenti, Dünya Karate Federasiyası (WKF) texniki komitəsinin üzvü Yaşar Bəşirov turnirin mükafatlandırma mərasiminə qatılıb. Yarışı idarə etməyə dəvət olunan 20 hakim arasından federasiyanın Hakimlər Komitəsinin sədri və beynəlxalq dərəcəli hakim Cahangir Babayevə mötəbər turnirin final mərhələsini idarə etmək həvalə olunub.

Oktyabrın 16-da Bakıya dönəcək millimiz ertəsi gündən dünya çempionatına hazırlıqları davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə