“Buenos-Ayres-2018”: 72 ölkə medalçılar sırasında yer alıb

Argentinanın paytaxtı Buenos-Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunları davam edir. SİA-nın məlumatına görə, hazırda Azərbaycan ölkələrin medal sıralamasında 31-ci pillədə qərarlaşıb. Millimizin hesabında 1 qızıl, 1 gümüş və 2 bürünc medal var. Azərbaycana qızıl medalı Olimpiadada 66 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz Vüqar Talıbov qazandırıb. Ağır atletimiz Tarmenxan Babayev (85 kq) gümüş, taekvondoçumuz Cavad Ağayev (63 kq) və güləşçimiz Şahanə Nəzərova (43 kq) bürünc medala sahib olublar. Bədii gimnastımız Yelizaveta Luzanın komanda yarışalarında qazandığı qızıl medal isə qarışıq yığmaların hesabına yazılıb. Rusiya millisi 22 qızıl, 9 gümüş və 6 bürünc medalla birinci pillədə yer alıb. Hesabında 12 qızıl, 5 gümüş və 3 bürünc medal olan Macarıstan ikinci pillədədir. Yaponiya isə üçüncü yerdə qərarlaşıb – 9-6-9. Ümumilikdə 72 ölkə "Bunes-Ayres-2018"də medalçılar sırasında yer alıb. Qeyd edək ki, Olimpiadada 206 ölkədən 4 mindən artıq idmançı iştirak edir. Oyunlarda Kosovo və Cənubi Sudan ilk dəfə mübarizə aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə