Prezident İlham Əliyevin qayğısı sayəsində ölkə idmanında sürətli inkişaf prosesi gedib

"Prezident İlham Əliyevin qayğısı sayəsində ölkədə idman və bədən tərbiyəsi sahəsində sürətli inkişaf prosesi gedib, böyük uğurlar əldə edilib. Bakıda və bölgələrdə 43 Olimpiya İdman Kompleksi, xeyli sayda idman qurğuları, stadionlar və digər idman meydançaları tikilib istifadəyə verilib, mövcud idman obyektləri yenidən qurulub". SİA xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, professor Əli Həsənov Prezident İlham Əliyevin 15 illik hakimiyyət dövrünün yekunlarına həsr olunmuş məqaləsində ölkəmizin idman sahəsində qazandığı yüksək nailiyyətlərdən söhbət açır.

Dövlətimizin başçısının idmanın inkişafına göstərdiyi diqqət və qayğının real nəticələrini konkret faktlar əsasında şərh edən Əli Həsənov yazır: “İdmançılarımız 2004-cü il Afina Olimpiadasında 5 medal (1 qızıl, 4 bürünc), 2008-ci il Pekin Olimpiadasında 6 medal (1 qızıl, 1 gümüş və 4 bürünc), 2012-ci il London Olimpiadasında 10 medal (2 qızıl, 2 gümüş, 6 bürünc), 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunlarında isə 18 medal (1 qızıl, 7 gümüş, 10 bürünc) qazanıblar. Sonuncu Olimpiya oyunlarında qazanılmış medalların sayına görə Azərbaycan dünyada 14-cü, Avropada 7-ci, MDB ölkələri arasında 2-ci, müsəlman aləmində isə 1-ci olub”.

Ölkəmizdə bir sıra mötəbər idman yarışlarının təşkil olunduğunu diqqətə çatdıran prezidentin köməkçisi qeyd edir ki, 2015-ci ildə Azərbaycan tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi edib. 50 ölkəni təmsil edən 6 min idmançının iştirak etdiyi Oyunlarda komandamız ümumi hesabda ikinci yeri tutub, 21-i qızıl olmaqla 56 medal qazanıb. 2017-ci ilin mayında Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında isə Azərbaycan komanda hesabında birinci yeri tutub. 2016-cı ildən etibarən Bakıda hər il ümumi auditoriyası 500 milyon nəfərdən çox olan Formula 1 yarışları təşkil edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə