Asif Məmmədov: "Düşərgəmizdə yüksək əhval-ruhiyyə hökm sürür" - AÇIQLAMA

"Bu gün Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında mübarizəyə qoşuluruq. Argentinaya gələnədək Azərbaycanda yaxşı təlim-məşq toplanışı keçib, lazımi səviyyədə hazırlaşmışıq. Burada eyni şəraitə malikik. Heç bir çətinliyimiz yoxdur. Məşqlərimiz plan üzrə gedir, çox şükür ki, zədə almamışıq. İdmançılarımızın mənəvi durumu da yaxşıdır. Düşərgəmizdə yüksək əhval-ruhiyyə hökm sürür. Rəhbərlik də yanımızdadır, daim bizimlə maraqlanır, bizə tam dəstək nümayiş etdirir. Buna görə təşəkkür edirəm". SİA-nın məlumatına görə, bu sözləri Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə başlayacaq ağır atletika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Asif Məmmədov bildirib.

Baş məşqçi yarış haqqında danışaraq deyib: “Olimpiadada heç vaxt rəqiblər asan olmur. Sona qədər mübarizə aparmaq, qalib gəlmək üçün var gücünü ortaya qoymaq lazımdır. Lalə Rzazadədən əvvəlki yarışlarda göstərdiyi nəticələri yaxşılaşdırmağını gözləyirəm. İnanıram ki, bunu edə biləcək. Tarmenxan Babayevin qarşısında isə ölkəmiz üçün medal qazanmaq hədəfi var. Onun potensialı bunu etməyə imkan verir. Əyarından asılı olmayaraq, istənilən medal bizim üçün yaxşı nəticə olacaq. Düzdür, indidən fikir bildirmək çətindir və hər şey məhz yarış bitəndən sonra bilinəcək. Amma biz inanırıq. Ölkəmizi layiqincə təmsil etməyi düşünürük, bunun üçün çox çalışmışıq, hələ də çalışmaqda davam edirik. Əməyimizin əvəzini körpücük üzərində görərik”.

Qeyd edək ki, oktyabrın 11-də qızların yarışında 58 kiloqram çəki dərəcəsində Lalə Rzazadə, oktyabrın 12-də isə Tarmenxan Babayev (85 kq) körpücük üzərinə çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə