Mehman Əzizov: “Dünya çempionatında bəxtimiz gətirmədi” - MÜSAHİBƏ - ÖZƏL

Bakıda keçirilən cüdo üzrə dünya çempionatı ərəfəsində kişilərdən ibarət Azərbaycan milli komandasının məşqçisi Mehman Əzizov SİA-ya müsahibə verib. Həmin müsahibəni nəzərinizə çatdırırıq:

- Mehman müəllim, millimizin dünya çempionatında çıxışını necə qiymətləndirirsiniz?

- Yığmamız hələ ki, bir bürünc medal qazanıb. Bu gün isə fərdi yarışlarda iki idmançımızın medal qazanmaq şansı var. İrina Kindzerska (78 kq-dan yuxarı) təsəlliverici görüşlərdə iştirak edəcək. Uşanqi Kokauri (100 kq-dan yuxarı) isə yarımfinala vəsiqə qazanıb. Digər bütün idmançılarımız da medallara yaxın idilər. İdmanda bəxt amili önəmlidir. Dünya çempionatında sadəcə, bəxtimiz gətirmədi.

- Hansı idmançılardan medal gözləyirdiniz?

- Orxan Səfərov, Rüstəm Orucov və digər bütün idmançılarımızın hamısından medal gözləyirdik. Ancaq dünya çempionatında hamı medal qazana bilmir.

- Cüdoçularımız fərdi ustalıq baxımından dünyada öz sözlərini demiş idmançılardır. Onların çoxunun medal qazana bilməməsinə mane olan nə idi?

- Cüdoçularmız çox yaxşı hazırlıq keçiblər. Azərbaycan Cüdo Federasiyası idmançılarımızın təlim-məşqi üçün hər cür şərait yaradıb. Hara istəmişik göndəriblər, nə istəmişik onu təşkil ediblər. Cüdoçularımızın da hamısı hazır idi. Burada ancaq bəxt amilini qeyd edə bilərəm.

- Gənclərdən ibarət yığmamızda vəziyyət necədir? Yaxın gələcəkdə əsas milli komandadakı cüdoçularımızı əvəz edə biləcək idmançılar varmı?

- Azərbaycan Cüdo Federasiyasının rəhbərliyində dəyişiklik olandan sonra gənc cüdoçularımızın hazırlığına daha da önəm verildi. Gələcəkdə əsas yığmamızda hər çəki dərəcəsində 2-3 lider olması üçün gənclərin hazırlığı daim diqqətdə saxlanılır. Gənclərdən ibarət yığmamız bu yaxınlarda Avropa çempionatında uğurla iştirak edib, medallar qazanıb. Qarşıdan gənclər arasında dünya çempionatı gəlir. İnanırıq ki, bu çempionatda da onlar yüksək nəticələr göstərəcəklər. Hazırda 60, 73, 90 kq çəkilərdə əsas komandaya namizəd gənc cüdoçularımız var.

- Ağır çəkidə uzun müddətdir legioner idmançı çıxış edir...

- Bəli, hazırda ağır çəkidə legioner çıxış edir. Ancaq artıq 5 ildən çoxdur Uşanqi Kokauri (100 kq-dan yuxarı) Azərbaycan millisindədir və burada məşq keçir. O, burada inkişaf edib. Hazırda dünya çempiontının yarımfinalındadır. Növbəti rəqibi özbək idmançıdır. Ümid edirik ki, medal qazanacaq.

- Sabah dünya çempionatında komanda yarışları başlayacaq. Millimizin ilk rəqibi Avstriya yığmasıdır. Komandamızın şanslarını necə dəyərləndirirsiniz?

- Öncədən proqnoz vermək olmaz. Avstriya komandasını keçməliyik. Ancaq ondan sonra mundialın güclüsü olan Yaponiya ilə qarşılaşacağıq. Ona görə bizim üçün çətin olacaq. Ancaq hər şey baş verə bilər. Kişi idmançılardan arxayınıq. Qadın cüdoçulardan isə İrina Kindzerskayanın qələbə qazanacağını ümid edirik.

- Siz bir çox dünya çempionatlarında olmusunuz. Azərbaycanda keçirilən dünya çempionatının təşkilatçılığını necə qiymətləndirirsiniz?

- Bakıda Milli Gimnastika Arenasında dünya çempionatı çox yüskək səviyyədə təşkil edilib. Burada çox gözəl açılış mərasimi keçirildi. Areanda idmançılar, nümayəndə heyətləri və jurnalistlər üçün hər cür şərait yaradılıb. Heç bir ölkədə belə dünya çempionatı təşkil edilməyib.

Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə