Əfsanəvi futbolçu Kafu Bakıda sənəd imzaladı - FOTOLAR

İkiqat dünya çempionu, əfsanəvi futbolçu Kafu Bakıda Xüsusi Olimpiya Hərəkatının ümumdünya səfiri olması ilə bağlı sənəd imzalayıb. SİA-nın məlumatına görə, Bakı İdman Sarayında baş tutan imzalanma mərasimində veteran futbolçu ilə yanaşı, Xüsusi Olimpiya Hərəkatının Avropa regional rəhbəri Devid Evangelista və braziliyalı atlet Emmanuelle Dutra Fernandes de Souza iştirak ediblər.

Devid Evangelista Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin Qlobal Forumunun yüksək səviyyədə keçirilməsinə görə Azərbaycan Gənclər və İdman Nazirliyinə minnətdarlığını bildirib. O, Kafu kimi əfsanəvi futbolçunun Xüsusi Olimpiya Hərəkatına qoşulmasının çox sevindirici olduğunu bildirib: "Bizə çox xoşdur ki, Xüsusi Olimpiya ailəsinə yeni peşəkar idmançı qoşulur. Kafu çalışacaq ki, bu hərəkatın inkişafına töhfə versin. Biz də çalışacağıq ki, ailəmizin üzvlərinin sayını daha artıraq və ən yüksək səviyyəyə qalxaq".

Kafu isə ilk dəfədir Bakıya gəldiyini, burada belə bir tədbirdə iştirak etməkdən məmnun olduğunu bildirib. O, Xüsusi Olimpiya Hərəkatına qoşulmasının çoxdankı arzusu olduğunu deyib: "Xüsusi Olimpiya Hərəkatının səfiri olmaq mənim üçün çox xoşdur. Burada əsas məqsəd yarışlar deyil, bu hərəkata qoşulan hər kəsin üzünün gülməsidir. Uşaqların üzünü güldürmək puldan və hər bir qalibiyyətdən önəmlidir".

Daha sonra Kafuya Xüsusi Olimpiya Hərəkatının səfirinin köynəyi və üzərində Bakıda keçirilən Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin Qlobal Forumunda iştirak etmiş azarkeşlərin imzasının olduğu top təqdim edilib.

Sonda müqavilə imzalanıb və əfsanəvi futbolçu jurnalistlərin suallarını cavablandırıb.

Qeyd edək ki, Kafu 1989-2006-cı illərdə Braziliya millisində çıxış edib. 48 yaşlı sabiq sağ cinah müdafiəçisi karyerası ərzində vətənində "San Paulu", "Palmeyras", İspaniyanın "Saraqosa", İtaliyanın "Roma" və "Milan" klublarının formasını geyinib. O, 1994 və 2002-ci il dünya çempionatlarının qalibidir.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə