Cüdo üzrə dünya çempionatı davam edir FOTOLAR

Bakıdakı Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatı davam edir. SİA-nın məlumatına görə, mundialın dördüncü günündə kişilər arasında 81, qadınlar arasında isə 63 kiloqram çəki dərəcəsində yarışlar keçirilir. Azərbaycan bu çəki dərəcələrində təmsil olunmur. Sentyabrın 24-də kişilər arasında 90, qadınlar arasında isə 70 kiloqram çəki dərəcəsində qalib və mükafatçılar müəyyənləşəcək. Cüdoçumuz Məmmədəli Mehdiyev ilk oyununu Belarus təmsilçisi Viktar Kliavusau ilə qarşılaşacaq. Sentyabrın 25-də kişilər arasında 100, qadınlar arasında isə 78 kiloqram çəki dərəcəsində ən güclülərin adlarına aydınlıq gələcək. Turnirin 6-cı günündə kişi cüdoçularımızın rəqibləri İsveç idmançıları olacaq. Belə ki, Elmar Qasımov Martin Pacek, Zelim Kotsoiev Joakim Dvarbi ilə üz-üzə gələcək. Sentyabrın 26-da isə fərdi cüdoçuların mübarizəsinə yekun vurulacaq. Tatamiyə kişilər arasında 100 kiloqramdan, qadınlar arasında isə 78 kiloqramdan yuxarı çəki dərəcəsində cüdoçular çıxacaq. Ölkəmizi təmsil edən Uşangi Kokauri Belarus idmançısı Uladzislau Tsiarpitski ilə qarşılaşacaq. Qadınların mübarizəsində isə Azərbaycan idmançısı İrina Kindzerskanın rəqibi Litva cüdoçusu Sandra Jablonskite olacaq. Mundialın sonuncu günündə - sentyabrın 27-də qarışıq komanda yarışları keçiriləcək. Hazırkı nəticələrə görə, Yaponiyanın aktivində 8 (4 qızıl, 3 gümüş, 1 bürünc), Koreya Respublikası və Ukraynanın isə 2 medal (1 qızıl, 1 bürünc) var. Azərbaycan bir bürünc medalla komanda hesabında 9-cudur. Komandamızın aktivinə medalı 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov yazdırıb. Qeyd edək ki, 125 ölkənin iştirak etdiyi cüdo üzrə dünya çempionatında 460 kişi və 298 qadın idmançı mübarizə aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə