Dünya üçüncüsü: "Bakıdan hər dəfə xoş xatirələrlə ayrılıram" - AÇIQLAMA

"Hədəfim qızıl medal qazanmaq idi. Təəssüf ki, bürünc medalla kifayətlənməli oldum". Bunu SİA-ya açıqlamasında Bakıda Milli Gimnastika Arenasında keçirilən cüdo üzrə dünya çempionatında bürünc medal qazanmış fransalı cüdoçusu, 2014-cü il dünya çempionatının qızıl mükafatçısı Amadine Buçard deyib.

O qeyd edib ki, çempionatda daha yaxşı çıxış edə bilərdi: "Rusiyalı rəqibimlə görüşdə çox yorulmuşdum. Yarımfinalda isə Yaponiya təmsilçisi Uta Abe məndən güclü oldu. Təsəlliverici görüşlərdə çıxış etdim və həlledici qarşılaşmada belçikalı idmançıya qalib gələrək bürünc medal qazandım”.

Cüdoçu Bakıya daha əvvəllər də gəldiyini bildirib: "İki dəfə paytaxtınızda yarışlarda olmuşam. Şəhəriniz çox gözəldir. Bakıdan hər dəfə xoş xatirələrlə ayrılıram. Əvvəlki yarışlar kimi, bu dünya çempionatının təşkilatçılığı da çox yüksək səviyyədədir. Burada özümü çox rahat hiss edirəm".

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə