Bakıda keçirilən dünya çempionatının ilk gününə yekun vurulub

Xəbər verdiyimiz kimi, bu gün Bakıdakı Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatına start verilib. SİA-nın məlumatına görə, sentyabrın 27-dək davam edəcək çempionatda 125 ölkədən 800-dək cüdoçu mübarizə aparır.

Yarışın ilk günündə 60 kiloqram çəki dərəcəsində kişilər, 48 kiloqram çəki dərəcəsində isə qadınlar tatami üzərinə çıxıblar. Ölkəmizi bu çəki dərəcələrində Orxan Səfərov, Kəramət Hüseynov və Aişə Qurbanlı təmsil ediblər. Turnirin ilk günündə Azərbaycan cüdoçuları mükafatçılar sırasında yer ala bilməyiblər.

Qadınların yarışında final görüşündə yaponiyalı Funa Tonakini məğlub edən ukraynalı Daria Bilodid dünya çempionu adını qazanıb. Argentinalı Paula Pareto və Qazaxıstan cüdoçusu Otqont Qalbadrax yarışı üçüncü pillədə başa vurublar.

Kişilərin mübarizəsində isə Rusiya idmançısı Robert Mşvidobadzeyə qalib gələn yaponiyalı Naohisa Takato fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yaponiyanın digər təmsilçisi Ryuju Naqayama və gürcüstanlı Amiran Papinaşvili mundialın bürünc medalını qazanıblar.

Sonra mükafatlandırma mərasimi olub.

Çempionatın ikinci günündə - sentyabrın 21-də 66 kiloqram çəki dərəcəsində kişilər, 52 kiloqram çəki dərəcəsində isə qadınlar tatami üzərinə çıxacaqlar. Ölkəmizi Nicat Şıxəlizadə və Buyanxsinq Purevsuren təmsil edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə