Gənc güləşçilərin dünya çempionatı davam edir

Slovakiyanın Trnava şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir. SİA xəbər verir ki, mundialda əvvəlcə yunan-Roma güləşçiləri mübarizə aparırlar. Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında Zülfüqar Əliyev (55 kq), Elşad Məmmədov (60 kq), Kamran Mirzəliyev (63 kq), Ülvü Qənizadə (72 kq), Nəsir Həsənov (77 kq), Nəzərşah Fətullayev (87 kq) və Sərxan Məmmədov (130 kq) çıxış edirlər.

İlk yarış günündə 55, 63, 77, 87 və 130 kiloqramda çıxış edən pəhləvanlar mübarizə aparıblar. Yığmamızın iki üzvü – Nəzərşah Fətullayev (87 kq) və Sərxan Məmmədov (130 kq) bürünc medala iddialıdır. Bu çəkilərdə həlledici görüşlər bu gün keçiriləcək.

İkinci yarış günündə 60, 67, 72, 82 və 97 kiloqram çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçiləri qüvvələrini sınayırlar. Bu gün yığmamızın daha iki üzvü mübarizəyə qoşulub. Bu yaxınlarda zədələnən Avropa çempionu Ülvü Qənizadə (72 kq) mundialla erkən vidalaşıb. Elşad Məmmədov (60 kq) startda vaxtından əvvəl əlcəzairli güləşçiyə qalib gəldikdən sonra Özbəkistan təmsilçisi ilə ağır görüş keçirib. Hesabda 0:5 geri düşən Məmmədov əzmkar qələbə qazanaraq 1/4 finala yüksəlib.

Sentyabrın 19-dan 21-dək qadın güləşçilər mübarizəyə qoşulacaqlar. Məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında Yasəmən Məcidli (50 kq), Tatyana Varantsova (53 kq) və Ceyla Nağızadə (65 kq) ölkəmizi təmsil edəcəklər.

Sentyabrın 21-dən 23-dək isə meydan sərbəst güləşçilərin olacaq. Böyük məşqçi Saypulla Absaidov və məşqçi Rövşən Hacıyevin sərəncamında Əliabbas Rzazadə (57 kq), İntiqam Vəlizadə (61 kq), Röyal Ağamalıyev (65 kq), Xacimurad Qadjiyev (70 kq), Abubakr Abakarov (74 kq), Orxan Abbasov (79 kq), Maqomed Asiyatilov (86 kq), Asxab Həmzətov (92 kq), Orxan Həsənov (97 kq) və Rahid Həmidli (125 kq) yer alacaq.

Qeyd edək ki, qitə birinciliyində Azərbaycanı hakim kimi Sədi Quliyev təmsil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...