"Qarabağ" "Sumqayıt"ı məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start verilib. "Report" xəbər verir ki, Millətlər Liqası ilə əlaqədar ölkə çempionatında yaranmış fasilədən sonra keçirilən açılış matçında "Qarabağ" "Sumqayıt"ı qonaq edib. "Azərsun Arena"da baş tutan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisi 21-ci dəqiqədə Filip Ozobiçin penaltidən vurduğu qolla qalib gəlib.

Bu qələbədən sonra xallarının sayını 7-yə çatdıran "Qarabağ" lider "Neftçi"yə şərik olub. Hesabında 4 xalı olan "Sumqayıt" isə 5-ci pilləyə enib.

Turun qalan oyunları həftəsonu keçiriləcək. Sentyabrın 15-də "Səbail" "Zirə"ni qəbul edəcək. Ertəsi gün isə "Sabah" - "Qəbələ" və "Neftçi" - "Keşlə" görüşləri olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə