Elxan Məmmədov: "Gələcəyi də düşünməliyik" - MÜSAHİBƏ

AFFA-nın İcraiyyə Komitəsinin iclasından sonra qurum baş katibi Elxan Məmmədov jurnalsitlərə müsahibə verib. SİA həmin müsahibəni təqdim edir:

- İclasda hansı qərarlar müzakirə edildi?

- İki məsələ var idi. Hakimlər Komitəsi və Hakim-İnspektorlar Komitəsinin birləşdirilməsi ilə bağlı qərar verildi. Bu mövzu çoxdan gedirdi. Artıq bu iclasda qərar verildi. Yeni sədr seçildi. Bu, cənab Fritz Stuxlikdir. Avstriyalı tanınmış hakim olub. FIFA və UEFA-da da çalışıb. İkinci məsələ lisenziyalaşdırılma ilə bağlı idi. Bu mövsümdən əvəzedici komandanın yarışlarda iştirak meyarı «A» dərəcədən «B» dərəcəli meyara keçirildi.

- İclas başqa yerdə, brifinq isə AFFA-da keçirildi. Bunun səbəbi nədir?

- Çünki bu gün bizdə bütün otaqlarda iclas keçirilib. Ona görə də ayrı yerdə keçirməyə qərar verdik. UEFA-nın 2019-cu illə bağlı qrupu Bakıda idi. Hakimlərin və onların iclası keçirilir. Hazırda səbəb budur.

- Yeni sədrin gəlişindən sonra gözləmək olar ki, yeni struktur olsun? Cəzalanmış hakimlər qaytarıla bilər?

- Təbii ki, yeni strategiya olacaq. Bu addım AFFA-nın deyildi. UEFA ilə məsləhətləşdirilib və bizə iki namizəd təklif edilib. Biz də Stuxlikin üzərində durduq. Burdadır. O, öz konsepsiyasını təqdim etdi. Yaxın gələcəkdə bunu tətbiq edəcək. İstəyirik ki, yaxşı hakimlərimiz yetişsin. Azərbaycan futbolunun tarixində hakimlərin vacib yeri olub. Hakimlik tariximiz var. Yorulmadan hər zaman deyirik. Tanınmış və təsdiq edilmiş hakimlərimiz var. Tofiq Bəhramov 1966-cı ildə dünya çempionatının finalıda vacib və doğru qərar vermişdi. Rüstəm Rəhimov və Eldar Rəhimzadə tanınmış hakimlər olublar. Ştuxlikin hakimliyimizdən xəbəri var. Məqsədimiz tək bu ili düşünmək deyil. Gələcəyi də düşünməliyik. İstəyirik ki, hakimlərimizi vacib oyunlarda görək.

- Stuxlikin təyinatından sonra gözləmək olarmı ki, Premyer Liqamıza əcnəbi hakimlərin təyinatı reallaşsın? Onun konsepsiyasında belə bir plan var?

- Master-klasslar ola bilər. Belə bir plan yoxdur. Öz hakimlərimizi inkişaf etdirməliyik. Öz hakimlərimiz olmalıdır.

- Lisenziyalaşdırma prosesini ətraflı izah edə bilərsiniz?

- A meyarı məcburidir. B isə tövsiyə xarakterlidir. Yəni, mütləq deyil ki, bütün klubların əvəzedicisi olsun.

- Avstriyalı mütəxəssisin köməkçiləri kim olacaq?

- Yeni komitəni şəxsən özü seçəcək. Fərdi görüşlər aparacaq və növbəti iclasda təqdim edəcək. Yeni komitə müstəqil şəkildə çalışacaq və İcraiyyə Komitəsi ilə AFFA prezidentinə tabe olacaq.

- Əcnəbi mütəxəssisin gəlişi ideyası hardan ortaya düşdü?

- AFFA UEFA ilə müzakirələr aparır. Bizə bildirildi ki, inkişaf sürəti zəif gedir. Özümüz də gördük ki, ildən-ilə itiririk. İstəyirik ki, hakimlərimiz elit təbəqədə olsunlar. Təəssüf ki, yer almırlar. Yalnız Əliyar Ağayev ən yüksək təbəqədədir. Dəyişikliklər çox tətbiq edilir. Bizdə VAR və digər sistemlər yoxdur. Biz də bununla bağlı UEFA ilə məsləhətləşirik.

- Milli komandamızın uğrusuz çıxışları müzakirə edildi?

- Xeyr, müzakirə aparılmadı.

- Digər namizəd kim idi?

- Adını çəkmək qeyri-etik olar.

- AFFA Xaqani Məmmədov və Əli Məmmədovla vidalaşdı?

- Xeyr. Komitələr birləşdi. Həmin insanlar böyük işlər görüblər. Onlara minnətdarıq ki, bu səviyyəyə çatdırıblar. Onlar futbol adamlarıdır, istəyirik ki, futbolda qalsınlar. Ancaq bununla bağlı qərar veriləcək.

- Anar Salmanov hakimliyə qaydıdacaq?

- Xeyr, gündəmdə deyil.

- Media Komitəsinin qaranlıq taleyi necə olacaq, müzakirə aparıldı?

- Xeyr, bunu müzakirə etmədik.

- Hakimlər Komitəsi PFL-dən ayrıldı. Ramin Musayev daha əvvəl bildirmişdi ki, büdcəmiz azalıb. Bu gedişlə PFL də fəaliyyətini dayandıra bilər?

- Belə bir məsələ gündəmdə yoxdur.

- “Qarabağ”ın Avropa Liqası matçlarını Bakı Olimpiya Stadionunda keçirməsini klubdan AFFA istəyib, yoxsa onlar quruma müraciət ediblər?

- Seçim klubundur. Bizə bildirildi ki, belə bir məsələ var. Stadionun rəhbərinə deyiblər. AFFA ilə də məsləhətləşiblər. Bu, klubla stadion rəhbərliyi arasında baş verib. Yaxşı olardı ki, stadionun rəhbərliyindən soruşasınız. Təbii ki, qrup mərhələsində hər klub ən yaxşı stadionda oynamaq istəyir.

- “Qarabağ” rəsmiləri qarşılıqlı müraciət olduğunu bildiriblər...

- Təbii ki, məsləhətlər olur. Tək “Qarabağ”a deyil, bütün klublara məsləhətlər olunur. Stadion rəhbərliyi ilə razılaşıblar. Müqavilə müddəti 3 ildir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...