"Sumqayıt"ın futbolçusu: "Mükafat işinə klub rəhbərliyi baxır"

"Sumqayıt" klubunun futbolçusu Nicat Qurbanovun səfərdə "Sabah" komandasına 4:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının II tur matçından sonra "Report"a müsahibəsi:

- "Sumqayıt" yeni mövsümə "Neftçi"yə məğlubiyyətlə başlamışdı. Bundan sonra nə baş verdi ki, artıq növbəti matçda böyük hesablı qələbə qazandınız? Bəlkə, yaxşı mükafat vəd olunmuşdu?

- Yox, mükafat işinə klub rəhbərliyi baxır. Oyundan qabaq bizə mükafatla bağlı heç nə deyilmir. Açığı, çempionata məğlubiyyətlə başlamağımız komandaya istər-istəməz pis təsir etmişdi. İstəməzdik ki, belə olsun. Komandadaxili iclas keçirdik və söz verdik ki, bu oyunda əlimizdən gələnin ən yaxşısını edəcəyik. İstəyimiz ilk turda məğlubiyyəti unudub bundan sonrakı matçlara yaxşı futbolla köklənmək idi. Sevinirik ki, hər şey yaxşı alındı. Hesabda geri qalmağımıza baxmayaraq, futbolçularımız xarakter göstərdi və belə inamlı qələbə qazandıq. Buna görə çox sevinirəm.

- Siz həm də cari çempionatda debüt etdiniz. İlk turda meydana çıxa bilməməyiniz zədə ilə əlaqədar deyildi?

- Xeyr. Sadəcə, baş məşqçinin seçimi belə idi və buna hörmətlə yanaşmalıyıq.

- Son vaxtlar "Sumqayıt"da əsas müzakirə mövzusu hücumçu problemidir. Siz isə cinah yarımmüdafiəçisi olsanız da, hücumun mərkəzində çıxış etdiniz və komandanızın ilk qoluna imza atdınız. Demək olarmı ki, artıq bu problem həllini tapır?

- Açığı, bu suala mənim cavab verməyim düzgün olmaz. Bu, birbaşa baş məşqçiyə veriləsi sualdır. O, hara uyğun bilirsə, orda da oynadacaq. Sabah məni müdafiəyə də qoysa, orada çıxış edəcəyəm. Komandanın uğuru üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam.

- Ümumiyyətlə, sənə hansı mövqedə çıxış etmək daha rahatdır?

- 18-19 yaşımadək hücumçu mövqeyində oynamışam. Sonra yarımmüdafiənin sağ cinahında çıxış etmişəm. Özüm üçün fərqi yoxdur. Mərkəz hücumçusu mövqeyində oynamaq mənə çətinlik yaratmadı.

- Özünüzü oyunun qəhrəmanı sayırsınız?

- Yox, belə deməzdim. Meydanda komandamızdan 11 futbolçu vardı. Məncə, hər bir oyunçu öz mövqeyinə görə matçda qəhrəman oldu.

- Ötən mövsüm Qəbələdəki səfər matçında sonradan meydana çıxdınız və topa ilk toxunuşdaca qol vuraraq "Sumqayıt"a vacib xal qazandırdınız. Ancaq bundan sonra yenə daha çox ehtiyatda qaldınız və fərqlənmədiniz. Niyə uğurlu oyunun davamını gətirə bilmirsiniz?

- Bundan sonra çalışacağıq ki, fasilə ilə yox, daim diqqətdə olaq. Əlimizdən gələni edirik ki, hər an formada olub komandamıza kömək edək.

- "Sumqayıt"ın hazırkı potensialını necə görürsünüz?

- Bu mövsüm məqsədimiz Avroliqaya düşməkdir. Çempionat yeni başlayıb. Gələcək matçlarda öz yerimizi möhkəmlədib məqsədimizə doğru getməyə çalışacağıq.

- Məqsədinə çatmaq legionersiz komandaya çətin olmayacaq?

- "Sumqayıt" 10 ilə yaxındır fəaliyyət göstərir. Əvvəllər komandaya gələnlər əslən azərbaycanlılar olub. Onlar milliləşdirildiklərindən, legioner sayılmırlar. Düşünmürəm ki, çətin olsun. Ötən mövsümdə də komanda sırf yerli futbolçulardan təşkil olunmuşdu. Həmin vaxt yalnız mövsümün sonunda bir az eniş getdi. İnanırıq ki, bu dəfə belə olmaz. Yerli futbolçularımız legionerlərdən zəif deyil. Meydanda hər şey görünür.

- Bu qələbə komandanızda arxayınlıq, eyforiya yarada bilərmi?

- Xeyr. Bu oyun, bu qələbə burada qaldı. Hətta bu andan belə "Qəbələ" ilə səfər qarşılaşmasına hazırlaşacağıq. 4:1 hesablı qələbə bizim üçün eyforiya olmaz. Bunu öz adıma deyirəm. İclas da olacaq, orada komanda ilə danışıq da olacaq ki, bu uğurlu matçı yaddan çıxarıb növbəti rəqiblə görüşü düşünək.

- İlk dəfədir Nazim Süleymanovun rəhbərliyi altında çalışırsınız. Onun baş məşqçi kimi əsas xüsusiyyəti və sizdən əsas istəyi nədir?

- Düşünürəm ki, komandanın meydanda düzgün, tez oynamasını sevən mütəxəssisdir. Bunu təlim-məşq toplanışlarında, Türkiyədəki hazırlıq prosesində də gördük ki, nə istəyir. Artıq baş məşqçinin istəklərini başa düşürük. Bundan da yaxşı oynamağa çalışacağıq.

- Nazim Süleymanov Azərbaycan futbolu tarixində ən güclü hücumçulardan olub. Onun keçmiş hücumçu kimi indiki siz hücumçulardan əsas tələbi nədir və sizinlə məşqdə hansı detallar üzərində işləyir?

- Əlbəttə, Nazim müəllim güclü hücumçularımızdan olub. O, qapıya zərbələr, top saxlamalara xüsusi diqqət yetirir. Sırf taktiki planda hücumçudan asılı olan bir çox şeyləri baş məşqçi kimi bizə başa salır, bildiklərini anlatır. Qol vurmaq sırf oyun vəziyyətindən, hücumçunun qapıya necə zərbə endirməsindən asılıdır. Sadəcə, oyun anında harada olmağımı, hara açılmağımı, haradan ötürmə istəməyimi matçdan qabaq mənə başa saldı. Gördüyünüz kimi də çox köməyi oldu.

Bütün xəbərlər Facebook səhifəmizdə