“Neftçi”nin 52 ay gözlədiyi seriya

Topaz Premyer Liqasına ardıcıl iki qələbə ilə başlayan “Neftçi” ötən mövsümün sonunda start götürən uğurlu seriyasını 5-ə çatdırıb. SİA-nın məlumatına görə, “ağ-qaralar” öz meydanında “Qəbələ”ni 2:1 hesabı ilə üstələməklə ardıcıl 5-ci qələbəsini qazanıb. 2017/18 mövsümünün finişində “Qarabağ”ı 1:0, “Səbail”i 3:1, “Kəpəz”i 2:1 hesabı ilə məğlub edən bakılılar ötən tur “Sumqayıt”ın qapısından iki cavabsız qol keçirmişdi. Bu 5 qarşılaşmada 10 qol vurub, 3-nü buraxan “Neftçi” sonuncu dəfə belə qələbə seriyasına 2013/14 mövsümündə imza atmışdı. 2014-cü ilin mart-aprel aylarındakı 5 oyunluq qələbə seriyası 52 aydan sonra təkrarlanıb.

Qeyd edək ki, sonuncu dəfə aprelin 23-də “Keşlə” ilə matçda (1:2) xal itirən “Neftçi” növbəti turda “Qarabağ”la Azərbaycan derbisinə çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə