Bu gün Topaz Premyer Liqasının ikinci turuna start veriləcək

Avqustun 18-də Topaz Premyer Liqasının ikinci turuna start veriləcək. SİA xəbər verir ki, iki gün ərzində keçiriləcək birinci turun açılış matçında “Səbail” və “Qarabağ” komandaları üz-üzə gələcəklər. Görüş Bakı vaxtı ilə saat 18:30-da başlayacaq. “Bayıl Arena”da baş tutacaq qarşılaşmanı Ramil Diniyev idarə edəcək. İlk turda “Səbail” komandası səfərdə “Qəbələ” klubuna məğlub olub (0:3). “Qarabağ”-“Zirə” oyunu isə ağdamlıların avrokuboklarda iştirakı ilə əlaqədar sentyabrın 26-na təxirə salınıb.

Günün digər qarşılaşması “Azal Arena”da oynanılacaq. “Zirə” komandası “Keşlə” klubunu qəbul edəcək. İnqilab Məmmədovun idarə etdiyi oyun Bakı vaxtı ilə saat 20:30 baş tutacaq. “Keşlə” Topaz Premyer Liqasının açılış turunda çempionatın debütantı “Sabah” klubuna gözlənilmədən məğlub olub (0:1).

Avqustun 19-da keçiriləcək iki oyun ilə Topaz Premyer Liqasının ikinci turuna yekun vurulacaq.

İkinci turun maraqla gözlənilən oyunu “Dalğa Arena”da baş tutacaq. “Neftçi” komandası “Qəbələ” klubunu qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 18:30-da başlayacaq. Oyunda ədaləti təmin etmək Rəhim Həsənova tapşırılıb. İlk turda “Neftçi” səfərdə “Sumqayıt” klubunu (2:0), “Qəbələ” isə doğma meydanda “Səbail”i məğlub edib (3:0).

Tura “Sabah”–“Sumqayıt” oyunu ilə yekun vurulacaq. Çempionatın debütantı “Sabah” klubu doğma meydanda - “Əlincə Arena”da ilk oyununa çıxacaq. Oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Matçı Əliyar Ağayev idarə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə