BATE-nin baş məşqçisi: "Onun karyerası hələ qabaqdadır"

BATE-nin baş məşqçisi Aleksey Baqa Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində sabah "Qarabağ"la keçirəcəkləri cavab oyunu öncəsi Belarus mətbuatına müsahibə verib. Qol.az-ın məlumatına görə, gənc mütəxəssis daha çox zədəli futbolçuların durumundan danışıb.

- Komandada hamı sabahkı oyuna hazırdır?

- Vasilyeviç və Simoviç ciddi zədədən sonra məşq edə bilmirlər. Qalan hamı hazırlaşır. Səfərdə çox ağır oyun keçirdiyimizdən bəzi futbolçularımızda kiçik zədələr var. Amma bu, onların meydana çıxmağına mane olmayacaq.

- Mixail Qordeyçuk da oynaya biləcək?

- Vəziyyət sadədir. İnanın, burda heç bir sirr və pərdəarxası oyun yoxdur. Əvvəlcə zədə diaqnozu uzun çəkdi, ardınca isə cərrahi müdaxilə oldu. Əməliyyatdan sonra isə sağalması üçün vaxt lazım idi. İndi isə o, öz formasını yığmağa başlayıb. Zədə ona mane olmur, amma yan təsirləri hiss olunur. Məhz bu ağrılarına görə ona tam olaraq güvənə bilmərik. Düzdür, Mixail iynə ilə meydana çıxa biləcəyini deyir, amma oyun nə qədər vacib olsa da, insanın sağlamlığını təhlükəyə ata bilmərik. Onun karyerası hələ qabaqdadır.

- Yəni, deyirsiniz ki, onu meydanda görə bilməyəcəyik?

- Mən belə demədim. O, hazırlaşır. Ancaq biz tibbi müayinənin nəticələrini və futbolçunun hisslərini də nəzərə almalıyıq.

Bütün xəbərlər Facebook səhifəmizdə