Bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyinə start verilib - FOTOLAR

Avqustun 10-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatına və Bakı birinciliyinə start verilib. SİA-nın məlumatına görə, yarışda həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları arasında qaliblər çoxnövçülük xalına görə müəyyənləşəcək. Komanda hesabında mübarizədə isə 2008-2010-cu və 2006-2007-ci il təvəllüdlü gimnastlardan ibarət qrup hərəkətləri komandaları, o cümlədən 2008-2010-cu, 2006-2007-ci və 2003-2005-ci il təvəllüdlülər kateqoriyalarına aid fərdi gimnastların ən yaxşı nəticələri nəzərə alınacaq.

Yarışlarda Bakı Gimnastika Məktəbini, “Ocaq Sport”, “AyUlduz”, “Zirvə” İdman klublarını, “Sərhədçi” İdman Olimpiya Mərkəzini, Respublika Kompleks İdman Məktəbini, o cümlədən Qusar və Gəncə şəhərlərini təmsil edən 117 gimnast mübarizə aparır.

Avqustun 12-dək davam edəcək turnirdə tamaşaçıların əyləncəli vaxt keçirmələri üçün maraqlı müsabiqələr və fləşmoblar da təşkil olunacaq.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra 2008-2010-cu il təvəllüdlü qızlar arasında alətlərsiz, həmçinin top və halqalarla çıxışlar üzrə fərdi yarışlara start verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...