Azərbaycanlı jurnalist “Neftçi”dən imtina etdi!

“Jurnalistlər Sülh və İnkişaf Uğrunda” İctimai Birliyinin rəhbəri Mətləb Salahov, azarkeşi olduğu “Neftçi” futbol klubu ilə bağlı maraqlı açıqlama yayıb. Qurum rəhbəri jurnalistlərlə söhbətində bildirib ki, Macarıstan klubuna 0:4 hesablı acınacaqlı məğlubiyyətdən sonra artıq bu komandanın azarkeşi olmağı mümkünsüz hesab edir. O bildirib ki, bu acınacaqlı məğlubiyyət, ilk əvvəl komandanın artıq “quyunun dibində” olduğunu göstərir:

“Ölkənin ən titullu futbol komandası nə günə qalıb ki, onu idarə etmək üçün futboldan başı çıxmaq bir yana, futbol terminlərindən belə xəbərsiz olan, “Neftçi”nin ad-sanının, tarixinin ağırlığını hiss etmək qabiliyyətində və savadında olmayan hər yoldan keçəni klubun başına gətirirlər. Bu, rüsvayçılıqdır.

Əgər kimlərsə “Neftçi”dən qisas almaq istəyirlərsə, o zaman bunun adı düşmənçilikdir. Ölkənin ən titullu klubu, Macarıstanın axırıncı sıralarında sürünən titulsuz məhəllə klubuna 0:4 hesabı ilə uduzursa, o zaman özündə şəxsiyyət görən idarəçilər gecə ilə komandanı tərk etməli idilər. Amma bu baş vermədi. Bu gün “Neftçi”nin bir çıxış yolu var,- xarici iş adamlarına satılması!

Mənə, uşağlıq illərimin doğma komandasını bu halda görmək ikiqat əzabdır. O komanda ki, onun “Spartak”la, “Zenit”lə, Moskva OMİK-i ilə oyunlarını izləmək üçün məktəbdən qaçıb evə gələrdim. O komanda ki, minlərlə mənim kimi uşaqlıq illərinin xatirələrinin bağlı olduğu “ağ-qaralar”, artıq YOXDUR!,

Kim mənim sterss və əsəblərimin, həyəcanımın sağlamlığıma vurduğu ölümcül zərbələrin cavabını verəcək?. Komandanı məsxərə və rişxənd hədəfinə çevirən klub rəhbərliyimi?.

Bu gündən uşaqlıq illərimin doğma komandası olan “Neftçi”yə bir daha azarkeşlik etməyəcəyimi bildirir və klub azarkeşlərinin məni qınamamalarını xahiş edirəm.”

Bütün xəbərlər Facebook səhifəmizdə