"Komandanın "Baltsan"a uduzmasından çox narazı qaldım"

"Keşlə" klubunun prezidenti Zaur Axundovun "Report"a müsahibəsi

- Yuri Maksimovun istefası Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Maltada "Baltsan"a 1:4 hesablı məğlubiyyəti ilə bağlıdır?

- Maksimovun gedişi bu gün reallaşdı. Müqaviləyə görə irad bildirirdi. Mən özüm də açıqlama vermişdim ki, Maksimovla bir il müqaviləni artırmışıq. Türkiyədə təlim-məşq toplanışımız oldu. Amma klub rəhbəri kimi komandanın "Baltsan"a 1:4 hesabı ilə uduzmasından çox narazı qaldım.

- Maksimov müqaviləsindən niyə narazıdır? İradı nə ilə bağlıdır?

- Bunu onun özündən soruşun. Nə qane etmir, bilmirəm.

- Bəlkə, maliyyə tərəfindən və ya yetərincə transferlərin edilməməsindən narazıdır?

- Xeyr, maliyyə tərəfdən narazı ola bilməz. Transfer dönəmində Maksimova 100-dən çox futbolçu təqdim olunub. Kimi istəyibsə, gətirmişik.

- Maltada nə baş verdi? "Baltsan" güclüdür, yoxsa "Keşlə"nin oyunu alınmadı?

- Topa sahib olmada biz üstün idik. Qol fürsətlərimizdən yararlana bilmədik. Əvəzində onların, demək olar ki, bütün zərbələri qol oldu. Baş məşqçi oyuna müdaxilə etməliyidi. Futbolçular da bildirdilər ki, əvəzetmə lazım idi. Matçda 1:3 və ya 1:4 uduzrsansa, müdaxilə etməlisən. Amma Maksimov heç nə etmədi. Buna görə də iradımı bildirdim.

- Cavab matçında sürprizə ümid edə bilərik?

- Əlbəttə, hər şey ola bilər. Futbol ictimaiyyətindən, azarkeşlərdən oyunumuza gəlib, bizə dəstək olmalarını xahiş edirəm.

- Komandanı kimə tapşırdınız?

- Hələlik köməkçi-məşqçi Zaur İsmayılova həvalə etdik. Komandanı "Baltsan"la matçda o çıxaracaq.

- Baş məşqçi axtarışına başlamısınız?

- Bu barədə danışmaq tezdir. Gəlin, "Baltsan"la oyunumuzu oynayaq, sonrasına baxarıq.

Bütün xəbərlər Facebook səhifəmizdə