Bakıda beynəlxalq turnirin açılış mərasimi keçirilib - FOTOLAR

İyulun 14-də Bakıda futvolley üzrə açıq beynəlxalq turnirin açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, əvvəlcə iştirakçı ölkələrin paradı olub.

Çıxış edən Azərbaycan Futnet Federasiyasının (AFNF) birinci vitse-prezidenti, turnirin Təşkilat Komitəsinin sədri Aydın Hüseynov yarışın iştirakçılarını salamlayıb və onlara uğurlar arzulayıb.

Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını diqqətə çatdıran A.Hüseynov deyib: “Respublikamızda idmana dövlət tərəfindən diqqət və qayğı göstərilir. Bu qayğının nəticəsidir ki, idmançılarımız beynəlxalq arenada uğurlar qazanır, ölkəmizi layiqincə təmsil edirlər. Azərbaycan irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi edir. Bugünkü yarışda da dünyanın ən güclü idmançıları birincilik uğrunda mübarizə aparırlar. Ümid edirəm, Bakı turniri idmançıların yaddaşında xoş izlər buraxacaq”.

İdmanın bu növünün ölkəmiz üçün yeni olmasına baxmayaraq yetərincə uğurların qazanıldığını bildirən A.Hüseynov federasiyanıngələcək planları və perspektivləri barədə məlumat verib.

AFNF-in İcraiyyə Komitəsinin üzvü Gülağa Cabbarov turniri açıq elan edib və Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbir konsert proqramı ilə davam edib.

Qeyd edək ki, turnirdə Azərbaycan, Braziliya, Hollandiya, Portuqaliya, İran, Rusiya, Pakistan və Avstriya yığmaları birincilik uğrunda yarışırlar. Azərbaycan yığması Hollandiya, Avstriya və Pakistan milliləri ilə birgə "B" qrupunda mübarizə aparır. Portuqaliya, Braziliya, İran və Rusiya kollektivləri "A" qrupunda yer alıblar.

Turnirin ümumi mükafat fondu 6 min manatdır.

İyulun 15-də yekun vurulacaq yarışın qaliblərinə medal, diplom və pul mükafatları təqdim ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə