Firdovsi Umudov: “Günahkarlar qanun qarşısında cavab verəcəklər” - EKSKLÜZİV

“Azərbaycanın inkişafını, güclənməsini istəməyən xain qüvvələr Gəncədə baş vermiş hadisələrlə ölkədə xaos yaratmağa cəhd etdilər. Ancaq onların istəkləri heç vaxt baş tutmayacaq. Çünki Azərbaycanın güclü dövləti və Prezidenti var. Xalqımız cənab Prezidentin ətrafında sıx birləşib”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov deyib.

O qeyd edib ki, bütün idmançılarımız ölkəmizə, dövlətimizə qarşı hazırlanmış təxribatlar, terror hadisələrini pisləyir və belə xain əməlləri həyata keçirənləri lənətləyir: “Azərbaycan vətəndaşı kimi bu hadisələrə biganə qala bilmərik. Ölkəmizi istəməyən insanlar, düşmən dəyirmanına su tökənlər azərbaycanlı ola bilməz. Onlar heç vaxt öz çirkin niyyətlərinə çata bilməyəcəklər. Xalqımız Azərbaycan dövlətini dəstəkləyir. Son hadisələrdə də xalq və iqtidar birliyi özünü göstərdi”.

F.Umudov vurğulayıb ki, ölkəmizin keşiyində dayanan iki polis zabitinin qətlə yetirilməsi Azərbaycan dövlətinə, xalqımıza qarşı törədilən terror hadisəsidir: “İnsan öz əzizini itirəndə necə təsir edirsə, mənə də bu hadisə elə təsir etdi. O polis zabitləri silahsız idilər və asayişin keşiyində durmağa gəlmişdilər. Onların öldürülməsi böyük cinayət və terrordur. Polislərimizi qətlə yetirənlər, günahkarlar qanun qarşısında cavab verəcəklər. Mən bütün xalqımıza səslənirəm. Belə halların baş verməməsi üçün heç vaxt satılmış, xain insanların yalanlarına, sosial şəbəkələrdəki yalan çağırışlara inanmaq olmaz. Biz dövlətimizin ətrafında sıx birləşib Dağlıq Qarabağ probleminin həllinə çalışmalıyıq”.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə