Kolumbiya Polşa yığmasının 1/8 finalına gedən yolunu kəsdi

İyunun 24-də Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının on birinci gününün sonuncu görüşündə “H” qrupunda yer alan Polşa və Kolumbiya milliləri qarşılaşıblar. SİA xəbər verir ki, “Kazan Arena” stadionunda keçirilən oyunda ilk dəqiqələrdən hər iki komanda hüçüma atılıb. Buna baxmayaraq hesab ilk hissənin sonunda açılıb. Quitero və Xames Rodriqezin qurduğu birgə kombinasiyanı Erri Mina dəqiq baş zərbəsi ilə tamamlayıb - 0:1. Birinci hissə bu hesabla başa çatıb.

Fasilədən sonra 70-ci və 75-ci dəqiqədə Radamel Falkao və Juan Quadrado fərqlənərək oyunda son nöqtəni qoyublar. Qalan dəqiqələrdə hər iki komandaların cəhdlərinə baxmayaraq hesab dəyişilməyib. Beləliklə, Kolumbiya millisi vacib 3 xalı aktivinə yaza bilib, Polşa yığması isə səkkizdəbir final mərhələsinə çıxmaq şansın itirib.

Xatırladaq ki, dünya çempionatının ilk turunda polşalılar Seneqal yığmasına məğlub olublar (2:1). Kolumbiya isə eyni hesabla Yaponiya millisinə uduzub.

Qeyd edək ki, Avropa təmsilçisi yeddi dəfə mundialda iştirak hüququ qazanıb. Polşalılar dünya çempionatının ikiqat bürünc mükafatçısıdırlar (1974, 1982). Polşa millisinin əsas qol silahı sayılan Robert Levandovski 91 qolla ən çox fərqlənən oyunçu kimi milli komandanın tarixinə düşüb.

Mundiallarda 1962-cı ildə debüt edən Kolumbiya millisi dünya çempionatında indiyədək altı dəfə oynamaq hüququ qazanıb. Bu komandanın çempionatlarda ən yaxşı göstəricisi “Braziliya 2014”ə təsadüf edib. Həmin mundialda dörddəbir finaladək irəliləyən Kolumbiya yığması ev sahibinə 1:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb. Kolumbiya milli komandasının tarixində ən çox qol vuran futbolçu Radamel Falkaodur. Futbolçu 66 oyunda 26 qola imza atıb. Bu komandanın heyətində ən çox oyun keçirmiş futbolçu isə FIFA-nın “XX əsrin 100 əfsanəvi futbolçusu” siyahısına daxil olan Karlos Valderramadır (111 oyun).

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...