"DÇ-2018": Xorvatiya millisi 1/8 finala vəsiqəni təmin edib

İyunun 21-də Xorvatiya millisi Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının 1/8 final mərhələsinə yüksəlib. SİA xəbər verir ki, “D” qrupunda mübarizə aparan Argentina və Xorvatiya milli komandaları “Nijni Novqorod Arena”da qarşılaşıblar.
Gərgin idman mübarizəsi şəraitində keçən oyunun ilk hissəsində hesab açılmayıb. İkinci hissəyə daha fəal başlayan Xorvatiya millisi matçın 53-cü dəqiqəsində istəyinə nail olub. Argentinalı qapıçı Vilfredo Kaballeronun kobud səhvindən istifadə edən Ante Rebiç baxımlı qola imza atıb.
Qarşılaşmanın 80-ci dəqiqəsində Xorvatiya millisinin kapitanı Luka Modriç ikinci topu Argentina millisinin qapısından keçirib. Gərgin anların yaşandığı matçın ikinci hissəsinə əlavə olunmuş vaxtda xorvatiyalı İvan Rakitiç hesab arasındakı fərqi artırıb və bu, oyunda sonuncu qol olub.
Beləliklə, Xorvatiya millisi Argentinanı 3:0 hesabı ilə məğlub edib və 1/8 final mərhələsinə vəsiqəni təmin edib.
Xatırladaq ki, ilk turda Xorvatiya millisi Nigeriyanı 2:0 hesabı ilə məğlub edib. Argentina-İslandiya oyunu isə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Bu oyunadək 4 dəfə qarşılaşan komandaların statistikasında üstünlük Argentina millisinin xeyrinədir. Belə ki, Argentina millisi üç dəfə qələbə qazanıb, bir matçda hesab açılmayıb. İyirmi il əvvəl Fransada keçirilən dünya çempionatının qrup mərhələsində bu komandaların qarşılaşmasında Argentina millisi minimal hesabla qalib gəlib – 1:0.
Qeyd edək ki, mundialın səkkizinci gününün ilk iki oyununda “C” qrupu çərçivəsində Danimarka-Avstraliya matçı 1:1 hesablı heç-heçə ilə yekunlaşdığı halda, Fransa millisi Peruya 1:0 hesabı ilə qalib gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə