"DÇ-2018": İngiltərə millisi Tunis yığmasını məğlub edib

İyunun 18-də futbol üzrə dünya çempionatının beşinci günündə “G” qrupunun birinci turunun son oyunu oynanılıb. Qrupda yer alan Tunis və İngiltərə yığmaları üz-üzə gəliblər. SİA-nın məlumatına görə, Volqoqraddakı “Volqoqrad Arena”da keçirilən görüşü kolumbiyalı Vilmar Roldan idarə edib.
Tunisin start heyətində Moez Xasen, Dilan Bron, Siam Ben-Yusef, Əli Malul, Yasin Meriya, Elyes Sxiri, Anis Badri, Fercani Sasi, Vaxbi Xəzri, Naim Sliti, Fəxrəddin Ben-Yusef meydana çıxıblar. Komandanın baş məşqçisi Nəbil Maluldu.
İngiltərə yığmasının ilk “11”liyində isə Cordan Pikford, Con Stounz, Xarri Maquayer, Kayl Volker, Eşli Yanq, Cesi Linqard, Cordan Xendersson, Deli Alli, Kiran Trepyer, Rəhim Sterlinq, Hari Keyn yer alıblar. Millinin məşqçisi Qaret Sautqeytdi.
Matçın əvvəlindən təşəbbüsə yiyələnən İngiltərə yığması 11-ci dəqiqədə hesabı açıb.
Hava ötürməsini Tunisin qapıçısı qaytarsa da, ingilislərin əsas qol silahı Hari Keyn topu dəqiq zərbə ilə qapıdan keçirib - 0:1. İngiltərə yığmasının oyunda üstünlüyü davam etdirməsinə baxmayaraq Tunis millisi hesaba tarazlıq gətirib. Qarşılaşmanın 35-ci dəqiqəsində cərimə meydançasında qayda pozuntusuna görə hakim ingilislərin qapısına 11 metirlik cərimə zərbəsi təyin edib. Topa yaxınlaşan Fərcani Sassi fürsəti əldən verməyib - 1:1.
Birinci hissə bu hesabla da başa çatıb.
Fasilədən sonra hücumların sayını artıran hər iki komanda təhlükəli vəziyyətlər yaradıblar. Matçın bitməsinə bir dəqiqə qalmış Hari Keyn dublunu rəsmiləşdirib - 1:2.
Beləliklə İngiltərə millisi mundialda ilk qələbəsini qazanıb.
Xatırladaq ki, İngiltərə və Tunis komandalarının yer aldığı “G” qrupunun birinci oyununda Belçika millisi Panama yığmasını 3:0 hesabı ilə məğlub edib. Birinci turdan sonra Belçika və İngiltərə 3 xalla birinci və ikinci yerləri bölüşürlər. Aktivlərində xal olmayan Tunis və Panama yığmaları isə üçüncü və dördüncü yerdədirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə