"DÇ-2018": Braziliya-İsveçrə matçı heç-heçə başa çatıb

İyunun 17-də Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının dördüncü gününün üçüncü oyununda “F” qrupunun ikinci oyunu baş tutub. Braziliya və İsveçrə üz-üzə gəliblər. SİA-nın məlumatına görə, “Rostov Arena”da keçirilən görüşü meksikalı referi Sezar Ramos idarə edib.

Braziliya millisinin start heyətində Alison Beyker, Tiaqo Silva, Miranda, Danilo, Marselo, Paulinyo, Kazemiro, Vilyam, Neymar, Filip Koutinyo və Qabriyel Xesus yer alıblar.

İsveçrə yığmasının heyətində isə Yann Zommer, Manuyel Akanji, Fapian Şer, Rikardo Rodriqez, Stefan Lixtştayner, Qranit Jaka, Valon Bexrami, Stiven Cuber, Djerdan Şakiri, Blerim Cemaili və Xaris Seferoviç meydana çıxıblar.

Qarşılaşmanın favoriti sayılan Braziliya millisi gözlənilən kimi oyuna hücumlarla başlayıb. Matçın 20-ci dəqiqəsində İsveçrə millisinin müdafiəçiləri öz qapıları önündən uzaqlaşdırdığı topu Filip Koutinyo dəqiq zərbə ilə baxımlı qola çeririb - 1:0. Qoldan sonra hər iki komandaların səylərinə baxmayaraq hesab dəyişilməyib.

Birinci hissə "pentakampionluların" 1:0 hesablı üstünlüyü ilə başa çatıb.

Fasilədən sonra qarşılaşmanın 50-ci dəqiqəsində isveçlilər hesaba tarazlıq gətirib. Şakirinin məhsuldar hava ötürməsini Stiven Zuber dəqiq baş zərbəsi ilə tamamlayıb – 1:1. Qalan dəqiqələrdə hər iki komandaların səylərinə baxmayaraq hesab dəyişilməyib. Beləliklə Braziliya-İsveçrə qarşılaşması heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, bu komandalar dünya çempionatlarında ilk dəfə 1950-ci ildə təşkil olunan mundialın qrup mərhələsində qarşılaşıblar. Həmin oyunda 2:2 hesablı heç-heçə qeydə alınıb.

Braziliya millisi ən çox dünya çempionu olan komandadır. Braziliyalılar kuboku 5 dəfə başları üzərinə qaldırıblar. İlk dəfə 1958-ci ildə İsveçdə, dörd il sonra isə Çilidə keçirilən mundialın qalibi olan braziliyalılar 1970-ci ildə Meksikadakı turnirdə qalib gələrək üçqat dünya çempionu kimi “Qızıl İlahə”ni həmişəlik öz ölkələrinə aparıblar. Braziliya millisi yeni kuboku üçüncü çempionluqdan 24 il sonra – 1994-cü ildə ABŞ-da keçirilən dünya çempionatında əldə edə bilib. Sonuncu – beşinci çempionluğuna 2002-ci ildə Koreya Respublikasının və Yaponiyanın birlikdə təşkil etdikləri mundialda nail olan Braziliya yığması hələlik bu göstərici üzrə dünya rekordçusudur.

İsveçrəlilərin dünya çempionatlarında debütü 1934-cı ildə olub. Onlar mundialda on birinci dəfədir iştirak edirlər və ən yaxşı nəticəni 1934-cü, 1938-ci və 1954-ci illərdə göstərərək dörddəbir final mərhələsinə vəsiqə qazana biliblər.

Xatırladaq ki, Braziliya milli komandasının yer aldığı “E" qrupu çərçivəsində bu gün Kosta-Rika millisi Serbiya ilə qarşılaşıb. Görüş serbiyalıların 1:0 hesabı ilə qələbəsi ilə başa çatıb.

"E" qrupunda ilk turdan sonra hesabında 3 xalı olan Serbiya yığması başçılıq edir. Aktivlərində bir xalı olan Braziliya və İsveçrə yığmaları ikinci və üçüncü yerləri bölüşdürür. Sıfır xalla Kosta-Rika millisi isə dördüncü yerdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə