"DÇ-2018": Serbiya Kosta-Rikanı minimal hesabla məğlub edib

İyunun 17-də futbol üzrə XXI dünya çempionatının “E” qrupunun ilk oyunu keçirilib. SİA-nın məlumatına görə, 44 min tamaşaçı tutumuna malik “Samara Arena” stadionunda Kosta-Rika komandası Serbiya yığması ilə üz-üzə gəlib. Oyunu seneqallı hakim Diedhio Malanq idarə edib.
Kosta-rikalıların start heyətində meydana Kerlor Navas, Cankarlo Qonsales, Oskar Duarte, Djonni Akosta, Fransisko Kalvo, Kristian Qamboa, David Qusman, Selso Borxes, Xoan Veneqas, Brayan Ruis, Markos Urenya çıxıblar. Komandanın baş məşqçisi Oskar Ramiresdir.
Serbiya yığmasının ilk 11-liyində isə Vladimer Stoykoviç, Nikola Milenkoviç, Duşko Toşiç, Aleksandr Kolarov, Branislav İvanoviç, Nemanya Matiç, Luka Milivoeviç, Adem Lyaiç, Serqey Milikoviç-Saviç, Duşan Tadiç, Aleksandr Mitriviç yer alıblar. Serbiya millisinin məşqçisi Mladen Krıstaiçdir.
Komandaların qarşılıqlı səylərinə baxmayaraq, birinci hissədə hesab açılmayıb.
Fasilədən sonra daha üstün oyun nümayiş etdirən serbiyalılar oyunun 57-ci dəqiqəsində öz istəklərinə çatıblar. Hakimin təyin etdiyi cərimə zərbəsini yerinə yetirən Aleksandr Kolarov dəqiq zərbə ilə baxımlı qola imza atıb. Qarşılıqlı hücumlar şəraitində keçən qalan dəqiqələrdə hesab dəyişilməyib.
Beləliklə, Serbiya millisi mundialda ilk qələbəsini qazanıb.
“E” qrupunun iyunun 17-də keçiriləcək digər oyununda Braziliya və İsveçrə yığmaları qarşılaşacaqlar. Görüş Baki vaxtı ilə saat 22:00-da baş tutacaq.
Qeyd edək ki, bu komandalar dünya çempionatlarında ilk dəfə qarşılaşırlar. Kosta-rikalılar dünya çempionatlarında indiyədək dörd dəfə iştirak ediblər. Onların ən yaxşı göstəricisi 2014-ci ildə Braziliyada keçirilən mundialda dörddəbir final mərhələsinə vəsiqə qazanmaları olub. Latın Amerikası təmsilçisi həmin çempionatda İtaliya, İngiltərə, Uruqvay komandaları ilə bir qrupda yer almışdı. Kosta-Rikanın mundiallarda debütü 1990-cı ilə təsadüf edir. Milli komandanın tarixində ən çox qol vuran oyunçu Rolando Fonseka Ximenesdir (44 qol).

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...