Xorvatiya millisi "DÇ-2018"ə qələbə ilə başlayıb

Xorvatiya millisi Rusiyada keçirilən futbol üzrə dünya çempionatına qələbə ilə başlayıb. SİA-nın məlumatına görə, mundialın üçüncü gününün sonuncu oyununda "D" qrupunda yer alan Xorvatiya və Nigeriya milliləri qarşılaşıblar. "Kalininqrad Arena"da keçirilən oyunda hesab 32-ci dəqiqədə açılıb. Nigeriya millisinin üzvü Oqenekaro Etebo avtoqolla yadda qalıb. Matçın birinci hissəsi Xorvatiya yığmasının minimal üstünlüyü ilə yekunlaşıb - 1:0.

İkinci hissənin 70-ci dəqiqəsində Uilyam Ekonqun kobud oyununa görə, Nigeriya millisinin qapısına penalti təyin olunub. Cərimə zərbəsini dəqiq yerinə yetirən Luka Modriç hesab arasındakı fərqi artırıb. Bu qol dünya çempionatları tarixində 2400-cü qol olub.

Komandaların cəhdlərinə baxmayaraq oyunun sonunadək hesab dəyişməyib. Beləliklə, Xorvatiya millisi vacib 3 xalı 2:0 hesablı qələbə ilə əldə edib.

Xatırladaq ki, “D” qrupu çərçivəsində keçirilən Argentina-İslandiya qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1.

İyunun 16-da “C” qrupu çərçivəsində də iki oyun keçirilib. Fransa millisi Avstraliya yığmasını 2:1 hesabı ilə məğlub edib. Danimarka komandası isə Peru millisinə qalib gəlib - 1:0.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...