"DÇ-2018": Danimarka millisindən qələbə

Danimarka milli komandası Rusiyada keçirilən futbol üzrə dünya çempionatına qələbə ilə başlayıb. SİA-nın məlumatına görə, mundialın üçüncü gününün üçüncü oyununda “C” qrupunda yer alan Peru və Danimirka milliləri qarşılaşıblar. Saransk şəhərindəki “Mordoviya Arena”da oynanılan görüşün ilk hissəsində qapılara top vurulmayıb. İkinci hissədə əzimkarlıq nümayiş etdirən Danimarka millisi 59-cu dəqiqədə hesabı açıb. Kristian Eriksonun ötürməsini Yussuf Poulsen baxımlı qolla tamamlayıb. Bu, oyunda vurulan yeganə qol olub.
Beləliklə, Danimarka millisi 1:0 hesabı ilə qalib gələrək vacib 3 xal qazanıb.
Dünya futbol tarixində ilk dəfə üz-üzə gələn bu komandalar mundiala play-off mərhələsinin qalibi olaraq vəsiqə qazanıblar. “Rusiya 2018” 36 illik fasilədən sonra dünya çempionatına vəsiqə qazanan Peru yığması və Danimarka millisi üçün beşinci mundialdır. Hər iki komanda dünya çempionatlarında indiyədək yalnız dörddəbir final mərhələsinədək irəliləyə bilib.
Xatırladaq ki, “C” qrupu çərçivəsində bu gün keçirilən ilk oyunda Fransa millisi Avstraliya yığmasını 2:1 hesabı ilə məğlub edib.
“D” qrupunda isə Argentina-İslandiya qarşılaşması heç-heçə nəticələnib – 1:1. Saat 23:00-da bu qrupun digər iştirakçıları - Xorvatiya və Nigeriya milliləri meydançaya çıxacaqlar. Azərbaycanlı futbolsevərlər həmin oyunu İctimai Televiziyadan izləyə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə